“Azərbaycanın dünyadakı nüfuzu hər keçən gün artır”.
Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, ölkəmizin diplomatik uğurları artan xətlə davam edir:
“Xüsusən də bu, 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra özünü daha çox biruzə verməkdədir. Uğurlu aparılan xarici siyasətin nəticəsidir ki, 44 günlük haqq savaşında Azərbaycan beynəlxalq təzyiqləri məharətlə dəf edə bildi. Tarixi qələbəmizdən sonra yeni siyasi münasibətlər sistemi formalaşdı. Artıq Azərbaycan təkcə Cənubi Qafqazın deyil, dünya üçün də önəmli, strateji mütəffiqə çevrildi”.
Siyasətçi qeyd edib ki, ölkəmiz həm də dünyanın supergücləri üçün etibarlı tərəfdaş oldu:
“Dünya liderlərinin Azərbaycana və cənab Prezident İlham Əliyevə mövqeyi göz qabağındadır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın dövlətimizin başçısına etimadı, inamı və göstərdiyi hörmət açıq şəkildə Azərbaycanın xarici siyasətinin doğru olduğunu göstərir. Fikrimcə, Azərbaycan yeni dünya düzənində özünəməxsus siyasi və geopolitik yer tutan mühüm dövlətlər sırasındadır. Ölkəmiz dünya nizamını yenidən formalaşdıran güc mərkəzlərinin əsas və strateji partnyoru səviyyəsinə yüksəlib”.
Ağasif Şakiroğlu vurğulayıb ki, hazırda yeni nizamı formalaşır:
“Bu, heç kimə sirr deyil. Davam edən savaşlar, yeni beynəlxalq qurumların yaradılmasının anonsunun verilməsi boşuna deyil. Azərbaycan da yeni dünya siyasətini müəyyənləşdirən halqalardan biridir. Bu, dövlətimiz və xalqımız adına böyük uğurdur. Prezidentin və yürütdüyü siyasətin ətrafında sıx birləşməli, Azərbaycanın aparıcı dünya dövlətləri ilə eyni sırada dayanmasına, eləcə də yeni dünya nizamında rol alan ölkələrdən olmasına dəstək verməliyik”.
Elmir Mustafa



