Bu gün Ana Vətən Partiyasının IX qurultayı keçirilib.
Partiyadan HİT.az-a verilən xəbərə görə, AVP sədri Fəzail Ağamalı Qurultayın işinə uğurlar arzulayıb, 2020-ci ildən - 2025-ci ilin sonunadək daxil olmaqla keçən dövr ərzində partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra gündəlikdə duran məsələlərə baxıldı və müvafiq qərarlar qəbul edilib. Partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalı AVP sədri seçilib. Ömər Hüseynli partiya sədrinin müavini, həmçinin İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.
Nizamnamədə bir sıra dəyişikliklər edilib.
Qeyd edək ki, Fəzail Ağamalının oğlu Elçin Ağamalı atasını gizli qurultay keçirməkdə ittiham etmişdi. Onun sözlərinə görə, qurultay partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilir:
"Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur".
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Ana Vətən Partiyası növbəti qurultayını keçirmişdi. Partiyanın sədr müavini Elçin Ağamalı ilə atası arasında gərgin mübahisə yaşandığından Fəzail Ağamalı istefa vermədiyini bəyan edərək qurultayın təxirə salındığını bildirmişdi. Elçin Ağamalı partiyaya ğzünün rəhbərlik etməsini, Fəzail Ağamalı isə qızı, deputat Günay Ağamalının sədr seçilməsini istəyir.


