İran səfirliyinə cavab GECİKMƏDİ

SİYASƏT
14:53 / 27.01.2026
56

Dünən İran səfirliyi İsrailin XİN başçısının Bakıda səsləndirdiyi açıqlamalarla bağlı bir bəyanat verib.

Lakin bu, birmənalı qarşılanmayıb. Hətta tənqidlərə səbəb olub. Çünki İran səfirliyinin belə bir bəyanat verməsi beynəlxalq hüquqa və diplomatik etikaya uyğun deyil. Bu, başqa ölkənin işlərinə müdaxilə etmək cəhdi kimi dəyərləndirilir.

Siyasi şərhçi Tural İsmayılova Hit.az-a açıqlamasında deyib ki, diplomatik nümayəndəliklərin akkreditə olunduqları ölkədə üçüncü tərəflərin bəyanatlarına və ya həmin ölkənin xarici siyasət kursuna münasibət bildirməsi, beynəlxalq hüququn təməl sənədi olan 1961-ci il Vyana Konvensiyası və diplomatik etika çərçivəsində kifayət qədər həssas bir məsələdir: 

390575

"Beynəlxalq hüquqa görə, diplomatik nümayəndəliyin əsas funksiyası təmsil etdiyi dövlətlə qəbul edən dövlət arasındakı münasibətləri inkişaf etdirməkdir. Vyana Konvensiyasının 41-ci maddəsində açıq şəkildə qeyd olunur ki, diplomatik toxunulmazlıqdan istifadə edən şəxslər qəbul edən dövlətin qanunlarına hörmət etməli və həmin dövlətin daxili işlərinə qarışmamalıdırlar. 

İsrail rəsmisinin Bakıda səsləndirdiyi fikirlər Azərbaycanın suveren ərazisində reallaşan rəsmi diplomatik prosesin bir hissəsidir və bu prosesə kənardan müdaxilə xarakterli bəyanatların verilməsi, qəbul edən ölkənin suveren hüquqlarına və onun müstəqil xarici siyasət yürütmək səlahiyyətinə dolayısı ilə kölgə salmaq cəhdi kimi qiymətləndirilə bilər. Suveren bir dövlətin öz paytaxtında kimi qonaq edəcəyi və hansı platformada fikir mübadiləsi aparacağı onun daxili və suveren qərarıdır".

Ekspert qeyd edib ki, diplomatik etika qaydaları bir dövlətin səfirliyi yerləşdiyi ölkəni digər dövlətlərlə olan münaqişələrində bir ritorika meydanı kimi istifadə etməməsini tələb edir:

"Əgər bir dövlət digərinin rəsmisinin fikirlərinə etiraz edirsə, beynəlxalq təcrübəyə əsasən, bu etiraz adətən həmin dövlətin öz paytaxtında, öz Xarici İşlər Nazirliyi səviyyəsində ifadə olunmalıdır. Səfirliyin akkreditə olunduğu ölkədən bu cür kəskin bəyanat yayması, ev sahibi olan dövləti istəmədiyi bir regional gərginliyin tərəfi halına gətirmək riskini daşıyır ki, bu da peşəkar diplomatiyada daxili işlərə qarışmama prinsipinin "yumşaq" şəkildə pozulması kimi şərh olunur".

Tural İsmayılov əlavə edib ki, politoloji nöqteyi-nəzərdən bu addım Azərbaycanın balanslaşdırılmış xarici siyasət reallığına qarşı bir növ diplomatik təzyiq aləti təsiri bağışlayır:

"Rəsmi Bakının hər zaman öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə icazə vermədiyini bəyan etdiyi bir şəraitdə, bu növ bəyanatlar tərəfdaşlıq ruhuna xidmət etmək əvəzinə, dövlətlərarası etimad mühitini zədələyən amillər sırasına daxil olur. Nəticə etibarilə, bu cür hərəkətlər diplomatik nümayəndəliyin statusunu aşaraq, dövlətin suveren qərarlarına müdaxilə təəssüratı yaradır və beynəlxalq nəzakət qaydaları ilə tam uzlaşmır".

Günel

0