Prezidentin Əbu-Dabiyə səfəri: “Münasibətlər uğurla inkişaf edir”

SİYASƏT
15:15 / 04.02.2026
168

“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında dövlətlərarası münasibətlər uğurla inkişaf edir”. 

Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin fevralın 2-də Əbu-Dabiyə işgüzar səfəri  və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərifindən yüksək səviyyədə qarşılanması ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin özünün intibah dövrünü yaşadığının göstəricisidir:
“Təbii ki, mövcud müsbət tendensiya və dinamikliyin əldə olunmasında iki ölkə liderinin şəxsi dostluq münasibətləri əhəmiyyətli rol oynayır. Qarşılıqlı edilən səfərlər və hər bir səfər çərçivəsində əldə olunan razılaşmalar xalqlarımız arasındakı dostluq bağlarının, eyni zamanda uğurlu gələcək üçün atılan sağlam təməllərin bariz nümunəsidir”.

Deputat qeyd edib ki, rəsmi Bakı və Əbu-Dabi olduqca geniş və əhatəli tərəfdaşlıq gündəliyinə sahibdir: 
“Tərəflər enerji, mədəniyyət, turizm, təhlükəsizlik kimi aparıcı sahələrdə sıx və məhsuldar əməkdaşlıq edirlər. Rəsmi Bakı 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geoiqtisadi konfiqurasiyada Birləşmiş Ərəb Əmirliklərinin iştirakını vacib hesab edir. Çünki rəsmi Əbu-Dabinin maliyyə və investisiya imkanları olduqca genişdir. 
Xüsusilə işğaldan azad olunmuş torpaqların investisiya əlverişliyi, turizm, mədən, bərpa olunan enerji, kənd təsərrüfatı potensialı Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar üçün perspektivlər yaradır. Artıq bu istiqamətdə nəzərəçarpan yeniliklər və irəliləyişlər mövcuddur”.

Partiya sədri vurğulayıb ki, rəsmi Bakı və Əbu-Dabi hərbi əməkdaşlıq sahəsində ciddi işlərə imza atırlar:
“Möhtərəm cənab Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimini izləməsi iki ordunun qarşılıqlı təcrübə mübadiləsi aparmasının təsdiqidir. Bilindiyi kimi, Azərbaycan Ordusu müharibə təcrübəsi olan azsaylı qalib ordular sırasındadır. 

Mövcud regional risklər fonunda Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin bizim təcrübəmizdən yararlanması onlar üçün zəngin mənbədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri uzunmüddətli perspektivlərə hesablanmış tərəfdaşlıq mühiti formalaşdırır və bu birlik hər iki ölkənin milli, eyni zamanda regional maraqlarına töhfə verəcək”.

Elmir Mustafa


 

0