"Əbu-Dabidə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş iki ölkə arasındakı münasibətlərinin normallaşması prosesində keyfiyyətcə yeni mərhələnin göstəricisi kimi qiymətləndirilməlidir".
Bu sözləri siyasi şərhçi Tural İsmayılov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu artıq "vasitəçilərin diktə etdiyi gündəm" deyil, Azərbaycanın formalaşdırdığı regional reallıqlar üzərində qurulan ikitərəfli dialoq mərhələsidir:
"Azərbaycan 2020-ci ildən sonra yaratdığı siyasi-hərbi status-kvonu diplomatik müstəvidə də institusionallaşdırır. Əbu-Dabi görüşü göstərdi ki, Bakı yalnız qalib tərəf kimi deyil, eyni zamanda regionda sabitliyin əsas memarı kimi çıxış edir. Sülh təşəbbüslərinin müəllifi və aparıcı tərəfi məhz Azərbaycandır, Ermənistan isə faktiki olaraq bu gündəmə uyğunlaşmaq məcburiyyətində qalıb".

Onun sözlərinə görə, görüşün əsas məqamı tərəflərin artıq ümumi şüarlar yox, konkret istiqamətlər üzrə danışılmasından ibarətdir:
"Buraya sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və etimad quruculuğu mexanizmlərini aid edə bilərik. Bu isə normallaşmanın praktiki fazaya keçdiyini göstərir. Azərbaycanın mövqeyi dəyişməzdir və prinsipialdır. Sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması, Ermənistan Konstitusiyasındakı revanşist müddəaların aradan qaldırılması və regionda xarici hərbi-siyasi təsirlərin minimuma endirilməsi fonunda mümkündür. Prezident İlham Əliyev bu xətti ardıcıl və sistemli şəkildə aparır. Nəticədə, Ermənistan artıq manevr imkanlarını itirib və reallıqla barışmağa məcbur olub".
Tural İsmayılov diqqətə çatdırıb ki, belə yüksək səviyyəli birbaşa təmasların davamlılığı real sülh sazişinə aparan prosesi sürətləndirə bilər:
"Lakin əsas məsələ görüşlərin sayı deyil, Ermənistanın öhdəlikləri yerinə yetirmə qabiliyyətidir. Azərbaycan artıq öz üzərinə düşəni edib. Yəni həm hərbi, həm diplomatik, həm də siyasi platformada regional sabitliyin əsas dayağına çevrilib.
Əbu-Dabi görüşü onu da göstərir ki, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası məhz Bakının strateji baxışı əsasında formalaşır. Bu prosesdə Azərbaycan passiv iştirakçı deyil, oyun qurucudur. Ermənistan isə gec də olsa anlayır ki, Azərbaycanın diktə etdiyi sülh gündəmindən kənarda qalmaq onun üçün yalnız daha dərin təcrid deməkdir".
Günel


