Azərbaycanla Ermənistan arasında yeni mərhələ: İqtisadi əlaqələr yaranır

SİYASƏT
12:37 / 05.02.2026
177

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda uzunmüddətli sabitliyin və dayanıqlı inkişafın əsas şərtlərindən biri olaraq qalır”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, münaqişədən sonrakı dövrdə bu proses təkcə ikitərəfli münasibətlərin gələcəyini deyil, bütövlükdə regionun siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirən amilə çevrilib:
“Son illərdə iki ölkə arasında aparılan müzakirələr göstərir ki, normallaşma artıq abstrakt niyyət deyil, konkret siyasi, hüquqi və iqtisadi məsələlər üzərində qurulan mərhələli bir proses kimi dəyərləndirilir. Bu baxımdan, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş də xüsusi əhəmiyyətə malikdir. 

Görüş tərəflərin birbaşa dialoqu davam etdirmək iradəsini nümayiş etdirməklə yanaşı, normallaşma gündəliyinin aktual olaraq qaldığını da təsdiqlədi. Məhz bu formatda aparılan təmaslar siyasi ritorikanın praqmatik müstəviyə keçməsi və həssas məsələlərin vasitəçilərsiz müzakirə edilməsi baxımından mühüm siqnal kimi qiymətləndirilə bilər”.

Millət vəkili vurğulayıb ki, görüş zamanı iqtisadi əlaqələrin formalaşması və regional kommunikasiyaların açılması məsələsinə toxunulması prosesin strateji mahiyyətini ön plana çıxarır:
“Uzun illər bağlı qalan nəqliyyat və ticarət xətləri region ölkələrinin iqtisadi potensialının tam reallaşmasına mane olub. Bu məhdudiyyətlərin aradan qaldırılması, tranzit imkanlarının bərpası və qarşılıqlı ticarətin təşviqi həm Azərbaycan, həm də Ermənistan üçün real iqtisadi dividendlər vəd edir. Həmçinin, bu addımlar Cənubi Qafqazın daha geniş regional və qlobal iqtisadi şəbəkələrə inteqrasiyasını sürətləndirə bilər”.

Elnarə Akimova qeyd edib ki, Azərbaycan normallaşma prosesinə prinsipial mövqedən yanaşaraq, onun beynəlxalq hüquq normalarına, qarşılıqlı suverenliyin tanınmasına və ərazi bütövlüyünə hörmət əsasında aparılmasını vacib şərt kimi irəli sürür:
“Bu yanaşma iqtisadi əməkdaşlığın siyasi-hüquqi öhdəliklərdən ayrı düşünülmədiyini göstərir. Ermənistan üçün isə bu proses regional layihələrdə iştirak, iqtisadi təcriddən çıxış və uzunmüddətli inkişaf perspektivləri baxımından mühüm seçim mərhələsidir. Əbu-Dabi görüşü onu da göstərdi ki, tərəflər bütün məsələlər üzrə yekun razılığa hələ gəlməsələr də, dialoqun saxlanılması və konkret istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi mümkündür”. 

Deputatın sözlərinə görə, normallaşma və iqtisadi əlaqələrin qurulması qısa müddətli deyil, ardıcıl siyasi iradə və etimadın tədricən möhkəmlənməsini tələb edən prosesdir:
“Lakin bu cür görüşlər məhz həmin proses üçün zəruri siyasi zəmin yaradır və regionda sabitliyə aparan yolun açıq qalmasına xidmət edir. Nəticə etibarilə, atılan hər addım yalnız iki ölkə arasındakı münasibətlərin deyil, Cənubi Qafqazın gələcək təhlükəsizlik və rifah modelinin formalaşması baxımından da strateji əhəmiyyət daşıyır”.

Elmir Mustafa

0