Deputat: “Prezidentin sayəsində Azərbaycanın nüfuzu durmadan artır”

SİYASƏT
14:45 / 09.02.2026
191

“Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra bir sıra beynəlxalq platformalarda təmsilçilik imkanları qazandı”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkəmiz Birləşmiş Millətlər Təşkilatında (BMT), ardınca Avropa Şurası Parlament Assambleyasında və digər qurumlarda təmsilçilik hüququ qazanmaqla özünün beynəlxalq aləmə inteqrasiyası yolunda ciddi və uğurlu addımlar atmağa başladı:
“Təbii ki, torpaqlarımız işğal altında olduğu dönəmdə bununla bağlı ciddi problemlər var idi. Bizə düşmən olan, ölkəmizin inkişafında maraqlı olmayan qüvvələr bütün platformalarda Azərbaycanın artan nüfuzuna maneçilik törətməyə çalışırdılar. Bəzən buna nail olunurdu, qarayaxma kampaniyaları həyata keçirilirdi, amma istənilən halda biz öz yolumuzla inamla addımlayırdıq. İqtisadi imkanlarımızı genişləndirməklə həm də siyasi imkanlarımızı genişləndirmək yolunu tutmuşduq. Etiraf etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu ciddi surətdə artmağa başladı.

Biz artıq o maneələri dəf etmiş olduq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyası tarixin arxivinə atıldı. İlk növbədə regionda ciddi dəyişikliklərə nail ola bildik, reallıqları öz gücümüzlə dəyişdik. Azərbaycan regionun əsas söz və güc sahibinə çevrilməklə yanaşı, böyük dövlətlərin diqqətini özünə cəlb etməyi bacardı”.

Millət vəkili qeyd edib ki, bundan əvvəlki dönəmlərdə də enerji daşıyıcılarının ixracı ilə siyasət yürütməklə və böyük layihələrə imza atmaqla addım-addım öz nüfuzumuzu qaldırırdıq:
“Amma 2020-ci ildən sonra baş verən proseslər bu istiqamətdə də Azərbaycanın çox ciddi uğurlar əldə etməsinə gətirib çıxardı. Həmçinin, 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olduq. 2019-2023-cü illərdə Azərbaycan dörd il ərzində bu təşkilatın sədri olaraq da ciddi uğurlar əldə etdi. 2020-ci ildə də həmin təşkilat daxilində olan 100-dən artıq dövlət Azərbaycana dəstək nümayiş etdirdi. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Birliyi və Türk Dövlətləri Təşkilatında uğurlu fəaliyyət aparırıq. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzuna da müsbət mənada çox ciddi təsir göstərdi”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, artıq böyük güclər artıq Azərbaycanın gücünü və nüfuzunu qəbul etmək məcburiyyətində qalıb:
“Regionun əsas söz və güc sahibi olan Azərbaycana diqqət və maraq artdı. Azərbaycan Avropanın 10-dan artıq ölkəsinə qaz ixrac etməklə, eləcə də neft məhsullarının ixracı ilə faktiki olaraq bu gün Avropanın enerji təhlükəsizliyinin bir parçasına çevrilib. Son dönəmlərdə Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra beynəlxalq platformalarda iştirakı, çıxışları, əsas dünya liderləri ilə görüşləri və ona yönəlik hörmət və ehtiram ölkəmizin artan nüfuzundan, ölkəmizin gücündən xəbər verir.

Biz bir sıra dost və qardaş ölkələrlə də ən yüksək səviyyədə əlaqələrə malikik. Əməkdaşlıq platformalarında birgə fəaliyyətimiz də Azərbaycanın gücünə güc qatıb. Bir çox dövlətlə strateji tərəfdaşlıq sazişinin imzalanması dövlətimizin artam gücünün təzahürüdür. Xüsusilə ökəmizin tranzit mövqeyi, xüsusilə də Şərqlə Avropa arasında, Asiya ilə Avropa arasında bir quru və hava nəqliyyat yollarının kəsişməsində yerləşməsi də mühüm və genişmiqyaslı layihələrin reallaşmasında əsas amillər sırasındadır”.

Partiya sədri vurğulayıb ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü çoxvektorlu xarici siyasət sayəsində mümkün olub:
“Təbii ki, Azərbaycan Prezidentinin şəxsi nüfuzu dövlətlərarası münasibətlərə çox ciddi surətdə yansıyır. Bu, Azərbaycanın aparıcı dünya dövlətləri ilə əməkdaşlıq platformalarının qurulmasına da əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Ölkəmizin dünyanın əsas dövlətlərindən birinə çevrilməsi çox qürurvericidir. Hesab edirəm ki, gələcəkdə də bizim beynəlxalq nüfuzumuzun artmasına və bu istiqamətdə görülən işin uğurlu nəticələrinə şahidlik edəcəyik”.

Elmir Mustafa


 

0