Ötən gün Azərbaycan və ABŞ münasibətlərində daha bir tarixi addım atıldı.
Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.
İmzalanan Strateji Tərəfdaşlıq Xartiyasının Azərbaycanın qlobal rolunun güclənməsində rolu barədə Hit.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın xarici siyasətində sadəcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də ölkəmizin qlobal geosiyasi iyerarxiyada statusunun rəsmi təsdiqi kimi qiymətləndirilməlidir:
"Bu sənəd Azərbaycanı Cənubi Qafqazın lokomotivi olmaqdan çıxarıb, Avrasiyanın enerji və logistika arxitekturasında həlledici söz sahibi olan qlobal tərəfdaş səviyyəsinə yüksəldir. Xartiyanın verdiyi ən böyük strateji üstünlük Azərbaycanın "vazkeçilməz subyekt" obrazının möhkəmlənməsidir. Dünyanın ən böyük güc mərkəzi ilə belə bir hüquqi çərçivənin qurulması, Azərbaycanın milli maraqlarının qlobal təhlükəsizlik arxitekturası ilə sinxronlaşdırılması deməkdir. Xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu bu Xartiya ilə siyasi sığorta qazanır ki, bu da rəsmi Bakının beynəlxalq platformalarda daha qətiyyətli və müstəqil manevrlər etməsinə imkan yaradır".
Ekspert qeyd edib ki, bu tərəfdaşlıq "Orta Dəhliz" layihəsinin qlobal miqyasda legitimliyini və cəlbediciliyini artırır:
" ABŞ-nin bu proseslərə strateji dəstəyi Azərbaycanın Şərq və Qərb arasında sadəcə coğrafi körpü deyil, həm də iqtisadi və siyasi sabitlik mərkəzi olduğunu nümayiş etdirir. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsindəki dərin əməkdaşlıq isə Azərbaycanın regional "təhlükəsizlik ixracatçısı" statusunu möhkəmləndirərək, onu beynəlxalq koalisiyaların etibarlı üzvünə çevirir. Yekun olaraq, bu sənəd Azərbaycanın qlobal nüfuzunu keyfiyyətcə yeni mərhələyə daşıyır və ölkəmizin beynəlxalq münasibətlər sistemindəki çəkisini strateji baxımdan sarsılmaz edir".
Günel



