Növbəti diplomatik uğur: ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ

SİYASƏT
14:17 / 11.02.2026
142

“Azərbaycan və ABŞ Arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması çox mühümdür”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, Azərbaycanın mövqeyindən və rolundan xəbər verir:


“Ötən il avqustun 8-də Vaşinqton görüşündə xartiyanın hazırlanması ilə bağlı İşçi Qrup yaradılmışdı. Üstəlik, kifayət qədər az vaxt keçdikdən sonra artıq bu sənəd rəsmiləşdi. Bu onu göstərir ki, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevin əməkdaşlıqla bağlı fikirli ciddidir. Bu istiqamətdə də bütün proseslər qaydasında həyata keçirilir. Xartiyanın son maddələrində də göstərilir ki: bu işlək və  istiqamətverici bir sənədə çevrilməli, habelə ildə bir dəfədən az olmayaraq görüşlər keçirilməlidir. Bütün bunlar sənədin həm siyasi, həm də praktiki əhəmiyyətini artırır”.

Siyasətçi qeyd edib ki, bu xartiya regional bağlantılar və iqtisadiyyat üçün də böyük əhəmiyyət kəsb edir:
“Sənəddə regional bağlantı, iqtisadi sərmayə və təhlükəsizlik məsələləri var. Qarşılıqlı maraq nəzərə alınacaq. Bu, ABŞ-nin regiona gələcəyini də göstərən bir sənəddir. Aydın görünür ki, regionda əsas əməkdaş, tərəfdaş, partnyor olaraq Azərbaycan seçilib. Bu da çox vacib bir məsələdir. Azərbaycan Amerikanı, Amerika da Azərbaycanı seçir. 
Əslində, Azərbaycan 2022-ci ildə Rusiya ilə də strateji tərəfdaşlıq, əməkdaşlıq və müttəfiqliklə bağlı sənəd imzalanmışdı. Lakin o sənəd kağız üzərində qaldı, həyata keçirilmədi. Əlbəttə ki, bu, Rusiyanın məsuliyyətsiz yanaşması ilə bağlı idi. Əgər onlara maraqlı deyilsə, Azərbaycan da ona uyğun hərəkət edir. Həmçinin, ölkəmizlə Çin arasında da strateji tərəfdaşlıqla bağlı sənəd imzalanıb. O sənəd işləyir, Azərbaycanla Çin arasında münasibətlər normal istiqamətdə gedir. İndi Amerika ilə də bu sənəd imzalandı. Hesab edirəm ki, bu sənəd daha effektiv və səmərəli olacaq”.

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan müstəqil siyasətini göstərir:
“Bütün bunlar həm iqtisadi, həm də təhlükəsizlik baxımından enerji daşıyıcıları ilə bağlı bütün sahələrdə Azərbaycanın müstəqil siyasətinin göstəricisidir. Yəni Azərbaycan bir-birinə qarşı dayanan müxtəlif qütblərdə dayanan ABŞ və Çin strateji əməkdaşlıq və tərəfdaşlıqla bağlı sənəd imzalayır. Bu  da onu göstərir ki, Azərbaycan heç kəsin diktəsi hərəkət etmir, bütün qərarlarını özü müstəqil verir.

Onu da vurğulayım ki, sözügedən xartiya regional bağlantılar, əlaqələr, ticarət, nəqliyyat və enerji daşıyıcıları ilə bağlı da mühüm sənəddir. Artıq Azərbaycanın bu istiqamətdə işləri mövcuddur. Burada diqqəti çəkən məsələ Zəngəzur dəhlizi və Orta Dəhlizdir. Sənəddə onların hər ikisinə də xüsusi yer ayrılıb. Burada Azərbaycanın da, ABŞ-nin də maraqları var. Bakı ilə Vaşinqtonun əməkdaşlığı həm region, həm də dünya dövlətləri üçün maraqlı olacaq”.

Partiya sədri söyləyib ki, ən vacib məsələlərdən biri də mülki nüvə əməkdaşlığıdır:
“Artıq dünyada bu proses gedir. Nüvə əməkdaşlığı ilə bağlı belə göründü ki, ciddi bir investisiyanın ora qoyulacağı ilə bağlı razılaşmalar var. Amma o qədər də ciddi deyil. Bu, Azərbaycan iqtisadiyyatının inkişafı üçün vacib bir məsələdir. Azərbaycan özü də Amerika iqtisadiyyatının müəyyən sahələrində investisiyalar qoya bilər. Ölkəmizin belə təcrübəsi var və bir çox ölkələrə investisiya qoyur. Üstəlik, ABŞ və onun yönəltdiyi beynəlmiləl, transmilli şirkətlərin Azərbaycana sərmayə qoymasına çox ciddi ehtiyac var.

Həm Azərbaycanın bütün bölgələrində iqtisadi strukturların yaranmasına, həm də işğaldan azad olunmuş ərazilərində sərmayə qoyuluşuna ehtiyac var. Azərbaycan bu məsələdə maraqlıdır. Birinci növbədə qeyri-neft sektoruna və qeyri-neft-qaz sektoruna sərmayə qoyulmalıdır. Ancaq təbii ki, Azərbaycan özü də öz gücünə sənayesini və iqtisadiyyatın müxtəlif qeyri-neft sektorunun sahələrini inkişaf etdirə bilər”.

Akif Nağı onu da diqqətə çatdırıb ki, Azərbaycan regionda və dünyada sülh olmasını istəyir:
“Azərbaycan aparıcı dövlətdir. ABŞ də xartiyaya o məsələni salmaqla regionda sülhün və sabitliyin təmin olunmasında Azərbaycanın xüsusi rolunu nəzərə alır. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığı da burada yer alır. Hesab edirəm ki, müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı məsələlər də həm birbaşa Azərbaycan-ABŞ münasibətlərini nizama salınmasında və inkişafında rol oynayacaq. Eyni zamanda, o bədnam “907-ci düzəlişin” aradan qaldırılması istiqamətində də bunun əhəmiyyəti var. Çünki “907-ci düzəliş”in aradan qaldırılması Azərbaycan-ABŞ arasında münasibətlərin maneəsiz inkişafına şərait yaradıb. Bu da həddindən artıq vacib bir məsələdir.

Bununla yaxın olan digər bir məsələ isə mina və ona yaxın partlayıcı maddələrin təmizlənməsi ilə bağlı təhlükəsizlikdir. Bu məsələnin də iki tərəfi var. Birincisi, humanitar tərəfdir. Minalardan təmizləmə prosesi hələ də gedir və böyük xərc tələb edir. Təəssüf ki, nə qədər diqqətli olsalar da, yenə də qurbanlarımız olur. Ona görə də bu dəstəyə ehtiyac var. İkinci isə siyasi tərəfdir. O minaları basdıranların ifşa olunması ilə bağlı bu məsələnin əhəmiyyəti var. Ermənistan özünün işğalçı siyasətini davam etdirərək mina xəritələrini hələ də vermir”.

Siyasətçi bir daha vurğulayıb ki, çox sayda kompleks məsələlər xartiyada nəzərdə tutulur:
“Əsas mahiyyət ondan ibarətdir ki, Azərbaycanla ABŞ arasında ciddi və müxtəlif istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur. Bu, bizim regionumuz üçün bütövlükdə çox böyük əhəmiyyətə malikdir. Faktiki olaraq, bu, Azərbaycanın regionda əhəmiyyətinin olduğunu bir daha göstərir. Eyni zamanda, düşünürəm ki, ölkəmiz bütün sahələrdə belə əməkdaşlıqdan istifadə edərək irəliyə doğru daha sürətlə inkişaf edəcək”.

Elmir Mustafa

0