Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
HİT.az xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.
Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Dövlətimizin başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.
Söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulanıb, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirilib, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.





