Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb.
HİT.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlanıb.
Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açılıb.
Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulanıb.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunuldu, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulanıb, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirib.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə edib.
O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olunub.
Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.
Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirilib.






