Azərbaycan-Serbiya: Əlaqələr genişlənir

SİYASƏT
12:30 / 16.02.2026
107

“Balkanların qəlbində yerləşən Serbiya ilə Cənubi Qafqazın aparıcı dövləti Azərbaycan arasında münasibətlər son illərdə yeni məzmun və qarşılıqlı etimadın nümunəsinə çevrilib”.

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi səfərlər, imzalanan sənədlər və reallaşan layihələr tərəflərin əməkdaşlığı yalnız diplomatik çərçivədə deyil, enerji təhlükəsizliyi, infrastruktur, müdafiə sənayesi və humanitar sahələrdə də sistemli şəkildə genişləndirdiyini göstərir:
“Bu yaxınlaşmanın arxasında dayanan əsas amillərdən biri isə Azərbaycan Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında formalaşmış səmimi və etibara söykənən şəxsi münasibətlərdir. Üstəlik, bu münasibətlər siyasi dialoqa əlavə dinamika verir, qərarların operativ və praqmatik ruhda qəbulunu asanlaşdırır”.

Millət vəkili vurğulayıb ki, iki liderin mütəmadi təmasları, bir-birinin təşəbbüslərinə açıq dəstəyi və regional sabitliyə ortaq baxışı Bakı ilə Belqrad arasında strateji tərəfdaşlıq modelinin möhkəmlənməsinə xidmət edir:
“Enerji sahəsində Azərbaycanın Avropanın enerji xəritəsində artan rolu, Serbiyanın isə enerji şaxələndirilməsinə verdiyi önəm əməkdaşlığı qarşılıqlı fayda prinsipi üzərində qurur”.

Millət vəkili vurğulayıb ki, nəqliyyat və logistika layihələri isə Avrasiya məkanında yeni bağlantı imkanları yaradır:
“Humanitar mübadilələr, mədəni tədbirlər və təhsil proqramları xalqlar arasında yaxınlığı gücləndirərək siyasi iradəni ictimai dayağa çevirir. Bütün bunlar göstərir ki, Azərbaycanla Serbiya arasındakı əlaqələr situativ maraqların deyil, uzunmüddətli strateji baxışın məhsuludur. Əlbəttə ki, bu xətt iki liderin qarşılıqlı hörmətə əsaslanan şəxsi dostluğu fonunda daha da möhkəmlənir”.

Elmir Mustafa


 

0