İrəvana tələb: Ermənistan sülh istəyirsə, bunu etməlidir

SİYASƏT
14:56 / 16.02.2026
117

Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində çıxışı zamanı Ermənistanla sülh müqaviləsindən danışdı.

Dövlətimizin başçısı Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı suallara aydınlıq gətirərək, rəsmi Bakının qətiyyətli və şəffaf mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb:

"Azərbaycanla Ermənistan arasında rəsmi sülh sazişi imzalanacaq, hər şey Ermənistan Konstitusiyasına dəyişiklik edilərək, orada artıq otuz ildir mövcud olan Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasından asılıdır".

Prezidentin Ermənistan Konstitusiyasına dair vurğuladığı şərtlər sülhün kağız üzərində qalmaması və gələcəkdə hər hansı revanşist cəhdlərin qarşısının hüquqi müstəvidə alınması məqsədini daşıyır. Beləliklə, Azərbaycanın sülhə tam hazır olduğunu bildirməsi fonunda, topun artıq Ermənistan tərəfində olduğu və İrəvanın öz daxili qanunvericiliyini beynəlxalq hüquq normalarına uyğunlaşdırmasının zəruriliyi açıq şəkildə ifadə edildi.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a şərhində bildirib ki, Azərbaycanın mövqeyi tamamilə aydındır: 

"Birinci dəfə deyil ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyir. Cənab Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddiasını götürərsə, sülh sazişi imzalana bilər. Sülh sazişi həm iki ölkənin, həm regionun taleyində çox böyük məsələdir".

Deputat vurğulayıb ki, belə olacağı təqdirdə, Ermənistan üçün sərhədlər açılacaq, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılacaq:

"Azərbaycan növbəti dəfə böyük auditoriyaya öz mövqeyini açıqladı. Cənab Prezidet İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistan konstitusiyaya dəyişiklik etməklə Azərbaycanla normal qonşuluq münasibəti qura bilər. Üstəlik, bu, Ermənistanın xeyrinə olacaq".

Günel

0