“Azərbaycan və Ermənistan arasında dövlətlərarası sülh müqaviləsinin imzalanması artıq zaman məsələsidir. Üstəlik, buna qədər olan bir çox vacib məqamlar həllini tapıb".
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və bir günlük antiterror tədbirləri nəticəsində ölkəmiz öz suverenliyini tam bərpa edib:
"Faktiki olaraq, artıq bu məsələ bitib, kitab bağlanıb və yeni səhifə açılıb. Bu səhifəni açan və yaradan Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Azərbaycan tərəfi Ermənistana sülh müqaviləsinin imzalanması üçün sülh gündəliyini təqdim edib. Bu illər ərzində kifayət qədər mütərəqqi yol qət etmişik. Azərbaycan və Ermənistan tərəfləri vasitəçisiz şəkildə bir sıra vacib məsələlərdə konsensus əldə ediblər. Artıq müəyyən uğurlardan danışmaq mümkündür. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən görüş Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına aparan zirvə nöqtəsi hesab oluna bilər".
Millət vəkili qeyd edib ki, sənədlərin paraflanması və ilkin razılaşmaların əldə olunması bir neçə məsələ də həllini tapdıqdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq:
"Konkret olaraq, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və əsas qanuna dəyişiklik edilməsi bu məsələdə son addım ola bilər. Cənab Prezident bu məsələni dəfələrlə açıq şəkildə dilə gətirib. Ermənistanın Baş naziri də bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu gün Ermənistan nə qədər sülhdən danışsa da, onun hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının əks olunması faktı qalır.
Bu səbəbdən Prezident İlham Əliyevin Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” adlı panel müzakirəsində səsləndirdiyi fikirlər tam əsaslıdır. Məsələnin yekunlaşması üçün Ermənistan Konstitusiyasında dəyişiklik mütləq baş verməlidir. Bundan sonra iki ölkə arasında sülh müqaviləsi yekun sənəd kimi imzalana bilər".
Vüqar İskəndərov sözlərini belə yekunlaşdırıb:
"Sazişin imzalanmasından sonra dövlətlərarası münasibətlər tədricən normal məcraya düşə bilər. Bu isə bölgədə dayanıqlı sülhün təmin olunması baxımından olduqca vacibdir. Çünki regionda sabitliyin təmin edilməsi üçün mütləq şəkildə sülh müqaviləsi imzalanmalı və bunun üçün də siyasi iradə mövcud olmalıdır".
Günel


