Deputat: "Serbiyaya sərmayə qoymaq Azərbaycanın gücünü göstərir"

SİYASƏT
10:33 / 17.02.2026
91

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatı bir daha göstərdi ki, Azərbaycan Avropada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir".

Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dövlətimizin başçısının “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” mesajı Azərbaycanın strateji tərəfdaşlıq xəttinin və iqtisadi imkanlarının real təzahürüdür:

"Prezident İlham Əliyevin elektrik stansiyalarının tikintisi, yenidən qurulması və reabilitasiyası mövzusuna diqqət çəkməsi xüsusi əhəmiyyət daşıyır. Çünki enerji infrastrukturu hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Elektrik enerjisi olmadan sənaye inkişaf etmir, müasir iqtisadiyyatın texnoloji və rəqəmsal imkanları genişlənmir. Ona görə də bu gün enerji təhlükəsizliyi dövlətin gələcəyini müəyyən edən strateji xətdir".

392152

Millət vəkili qeyd edib ki, Azərbaycanın Serbiyaya bu istiqamətdə sərmayə yatırmaq niyyəti mühüm iqtisadi nəticələr vəd edir:

"Bu, Azərbaycanın maliyyə imkanlarının real layihələrə yönəldilməsi, kapitalın gəlir gətirən sahələrdə işləməsi deməkdir. Üstəlik, bu addım Azərbaycanın beynəlxalq miqyasda etibarlı investor kimi qəbul olunduğunun bariz nümunəsidir. 

Serbiya Balkan regionunda mühüm mövqeyə malik ölkədir. Azərbaycan bu ölkəyə sərmayə yatırmaqla Avropa məkanında iqtisadi nüfuzunu artırır, yeni bazarlara çıxış imkanlarını genişləndirir. Bu cür layihələr Azərbaycanı Avropanın enerji sistemində daha güclü tərəfdaş kimi daha çox tanıdır".

Deputat vurğulayıb ki, bu investisiyalar Azərbaycan şirkətlərinin beynəlxalq təcrübəsini artırır, onların yeni texnologiyalar və Avropa standartları ilə işləməsinə şərait yaradır:

"Enerji layihələri mühəndislik, texniki xidmət, avadanlıq, logistika və digər sahələrdə də geniş imkanlar yaradır. Nəticə etibarilə, Azərbaycanın qeyri-neft sektoruna da əlavə stimul verilir. Ölkəmiz bu gün beynəlxalq münasibətlərdə mövqeyini konkret iqtisadi addımlarla möhkəmləndirir. Serbiyaya sərmayə qoymaq qərarı Azərbaycanın gücünü, dayanıqlı iqtisadi modelini və gələcəyə hesablanmış baxışını nümayiş etdirir.

Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olması da iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Hesab edirəm ki, bu əməkdaşlıq gələcəkdə ticarətin artmasına, yeni layihələrin həyata keçməsinə və Azərbaycanın Avropada iqtisadi tərəfdaş kimi rolunun yüksəlməsinə şərait yaradacaq".

Günel

0