Deputat: “Dünyada Azərbaycan Prezidentinin nüfuzu sürətlə artır”

SİYASƏT
11:45 / 17.02.2026
100

“Son dövrlərdə Prezident İlham Əliyevin dünya liderləri arasında artan nüfuzu yalnız Azərbaycanın artan geosiyasi çəkisi ilə deyil, həm də aparıcı dövlət rəhbərlərinin ona verdiyi siyasi qiymətlərlə və keçirilən yüksək səviyyəli görüşlərlə birbaşa bağlıdır”. 

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, xüsusilə ABŞ və Avropa liderlərinin səsləndirdiyi fikirlər bu nüfuzun real siyasi faktlara əsaslandığını göstərir:
“ABŞ rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslərin, o cümlədən Cey Di Vensin Prezident İlham Əliyevlə bağlı bu günlərdə səsləndirdiyi fikirlər Azərbaycanın regionda sabitliyin təmin edilməsində mühüm rol oynayan dövlət kimi qəbul olunduğunu sübut edir. ABŞ administrasiyası ölkəmizi regionda mühüm tərəfdaş kimi qiymətləndirir və Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış siyasətin regional sabitliyə töhfə verdiyini vurğulayır. Bu yanaşma da öz növbəsində cənab İlham Əliyevin artıq qlobal siyasi aktor kimi qəbul edilməsinin təzahürüdür.


Həmçinin, ABŞ Prezidenti Donald Tramp müxtəlif dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm inkişaf yolu keçdiyini qeyd edib və onun liderlik keyfiyyətlərini yüksək qiymətləndirib. O, Azərbaycanın strateji mövqeyini və cənab Prezidentin ölkənin müstəqil siyasət kursunu qətiyyətlə müdafiə etməsini xüsusi vurğulayıb. Bu kimi fikirlər ABŞ siyasi elitasında dövlətimizin başçısına olan hörmətin göstəricisi kimi qiymətləndirilir”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər də onun beynəlxalq nüfuzunun artmasının konkret nümunələrindəndir:
“Bu nüfuzlu platformada dünyanın aparıcı liderləri ilə baş tutan görüşlər zamanı İlham Əliyevin mövqeyinə xüsusi diqqət göstərilməsi, onun regionda sülh gündəliyi və əməkdaşlıq təşəbbüslərinin ciddi maraq doğurması Azərbaycanın siyasi çəkisinin artdığını nümayiş etdirir. Münxendə keçirilən müzakirələr zamanı ölkə başçısının fikirlərinin diqqətlə dinlənilməsi onun sözünün beynəlxalq siyasi dairələrdə əhəmiyyətli olduğunu bir daha təsdiqləyib.

Eyni zamanda, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı keçirdiyi görüşlər də xüsusi əhəmiyyət kəsb edir. Serbiya Prezidenti Aleksandar Vuçiç ilə danışıqlar zamanı İlham Əliyev strateji tərəfdaş kimi qarşılanıb və Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Serbiya rəhbərliyi Azərbaycanın müstəqil siyasətini, xüsusilə ərazi bütövlüyü məsələsində nümayiş etdirdiyi qətiyyəti yüksək qiymətləndirib. Bu görüşlər zamanı tərəflər siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər”.

Jalə Əliyeva vurğulayıb ki, bütün bu faktların hər biri Prezident İlham Əliyevin nüfuzunun yalnız rəsmi protokol çərçivəsində formalaşmadığını göstərir:
“Onunla görüşmək istəyən liderlərin sayının artması, aparıcı dövlətlərin rəhbərlərinin onun haqqında müsbət fikirlər səsləndirməsi və beynəlxalq platformalarda ona göstərilən xüsusi diqqət İlham Əliyevin qlobal siyasi proseslərə təsir edən nüfuzlu liderlər sırasında yer aldığını bir daha təsdiqləyir. Əlbəttə ki, bu sadalanlar Azərbaycan liderinin dünyada getdikcə artan nüfuzunun sadəcə bir-neçə nümunəsidir.
 
Bu gün Prezident İlham Əliyev bütün dünyada yalnız Azərbaycanın rəhbəri kimi deyil, həm də regionun gələcəyini formalaşdıran və beynəlxalq siyasi balansın qorunmasında mühüm rol oynayan lider kimi qəbul olunur. Bu isə onun siyasi uzaqgörənliyinin, prinsipial mövqeyinin və ardıcıl diplomatik fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir”.

Elmir Mustafa


 

0