Günay Ağamalı: “Azərbaycan süni intellekt sahəsində öz imkanlarını genişləndirir”

SİYASƏT
13:25 / 17.02.2026
98

“Tarix boyu texnologiyaların inkişafı cəmiyyətlərin formalaşmasının, iqtisadiyyatların güclənməsinin və ümumi mənada insanların həyat tərzinin dəyişməsinin əsas faktorlarından biri olub”. 

Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün də yüksək texnoloji yeniliklər həyatımızın ayrılmaz tərkib hissəsidir və hər bir ölkə bu istiqamətdə özünün inkişaf modelini müəyyənləşdirir:
“Bu kontekstdə, möhtərəm cənab Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsi idi. Ölkə rəhbərinin çıxışı məhz ölkəmizin müasir texnologiyalar əsasında dayanıqlı, şəffaf və innovativ dövlət modelinə keçidinin aydın təzahürü oldu”.

Millət vəkili qeyd edib ki, rəqamsal transformasiya artıq zərurətdir:
“Dünyanın qabaqcıl dövlətləri süni intellektin inkişafına milyardlarla dollar sərf edir və bu çərçivədə öz texnoloji imkanlarını maksimallaşdırır. Azərbaycan da öz növbəsində süni intellekt sahəsində öz imkanlarını genişləndirir. Bir neçə gün bundan əvvəl İsraillə əldə olunan razılaşma, daha geniş spektrdə ABŞ və Çinlə qurulan əməkdaşlıq modeli bu sahədə Azərbaycanın gələcək perspektivlərini göz önündə canlandırır. Dövlət rəhbərinin vurğuladığı kimi, Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir”.

Partiya sədri vurğulayıb ki, Azərbaycanın həm də Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var:
“Təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər, onlardan bəlkə ən azı bir nəsil geridədirlər. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz artıq özünün əməkdaşlıq şəbəkəsini formalaşdırıb və bu hər keçən gün daha da genişlənir.

Təbii ki, yüksək texnoloji yeniliklər təhsil sahəsində də identifikasiyasını zəruri edir. Bu mənada, ölkə rəhbərinin fikirləri təhsil sahəsində yeniliklərin reallaşdıralacağının təsdiqidir. Cənab Prezident İlham Əliyev bildirdi ki, biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”.

Siyasətçi fikirlərini belə yekunlaşdırıb:
“Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqamsal gələcəyinə inamı daha da gücləndirir. Bu strateji baxış ölkəmizi regionda innovasiya mərkəzinə çevirməyə, müasir texnologiyaların tətbiqi sahəsində qabaqcıl mövqe tutmağa, habelə, dayanıqlı inkişaf modelini daha da möhkəmləndirməyə xidmət edir”.

Elmir Mustafa


 

0