Azərbaycanın "Sülh Şurası"nda vacibliyi

SİYASƏT
12:00 / 20.02.2026
120

"Azərbaycanın "Sülh Şurası" kimi mühüm beynəlxalq platformada təmsil olunması ölkəmizin artan geosiyasi çəkisinin və qlobal proseslərdə fəal rol oynamaq iradəsinin bariz göstəricisidir".

Bu sözləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu iştirakı təsadüfi deyil, uzun illər ərzində formalaşmış müstəqil xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilmək lazımdır:

"Bu gün Azərbaycan yalnız region ölkəsi kimi deyil, həm də beynəlxalq təhlükəsizlik, enerji, humanitar və diplomatik təşəbbüslərdə etibarlı tərəfdaş kimi qəbul olunur. “Sülh Şurası” kimi platformalarda iştirak isə bu etimadın institusional müstəviyə keçməsi deməkdir". 

392421

Ekspert qeyd edib ki, Azərbaycanın bu qurumda iştirakı bir neçə mühüm strateji istiqaməti əhatə edir:

"İlk növbədə, bu, ölkəmizin qlobal qərarların qəbulunda iştirak imkanlarını genişləndirir. Müasir dünyada yalnız müşahidəçi olmaq kifayət deyil. Proseslərin içində olmaq, qərarların formalaşmasına təsir etmək vacibdir. “Sülh Şurası” kimi platformalar isə məhz bu imkanı yaradır. Başqa bir mühüm məqam isə Azərbaycanın balanslaşdırılmış və müstəqil siyasətinin gücləndirilməsidir. Azərbaycan heç bir blokun və ya güc mərkəzinin təsiri altında olmayan siyasət yürüdür. Belə platformalarda iştirak etməklə Azərbaycan həm Şərq, həm də Qərb arasında etibarlı körpü rolunu daha da möhkəmləndirir.

Digər istiqamət də humanitar və bərpa diplomatiyasıdır ki, Azərbaycan post-münaqişə dövründə böyük təcrübə qazanmış ölkədir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, mina təmizləmə proqramları və reinteqrasiya siyasəti beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur. “Sülh Şurası” çərçivəsində bu təcrübənin paylaşılması Azərbaycanın yumşaq gücünü artırır".

Baş redaktor əlavə edib ki, bu iştirak ölkəmizin milli maraqlarının qorunması baxımından da mühüm əhəmiyyətə malikdir:

"Qlobal platformalarda təmsilçilik ölkəmizə öz mövqeyini birbaşa ifadə etmək, informasiya müharibəsində üstünlük qazanmaq və birtərəfli yanaşmaların qarşısını almaq imkanı verir. Azərbaycan hər zaman göstərib ki, beynəlxalq təşəbbüslərdə iştirak edərkən yalnız siyasi deyil, həm də iqtisadi və humanitar baxımdan səmərəli mexanizmlərə üstünlük verir. 

Hesab edirəm ki, “Sülh Şurası” çərçivəsində də ölkəmizin yanaşması emosional deyil, rasional və uzunmüddətli nəticələrə hesablanmış siyasətə əsaslanır. Azərbaycanın “Sülh Şurası”nda iştirakı sadəcə formal üzvlük deyil. Bu, ölkəmizin qlobal sistemdə artan rolunun, söz sahibinə çevrilməsinin və milli maraqlara əsaslanan müstəqil siyasət kursunun davamıdır. Azərbaycan bu platformada iştirak etməklə həm beynəlxalq sülh təşəbbüslərinə töhfə verir, həm də öz strateji mövqeyini daha da gücləndirir".

Günel

0