“ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşan “Sülh Şurası”nda Azərbaycanın iştirakı hazırda formalaşan yeni beynəlxalq münasibətlərin mahiyyətindən irəli gəlir”.
Bu sözləri siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, artıq köhnə “dünya” dağılıb, yenisi isə hələ formalaşma mərhələsindədir:
“Azərbaycan üçün bu mərhələ müstəqilliyin dönməzliyi baxımından olduqca məsuliyyətlidir. Belə ki, düşmən ordusu ölkəmizdən qovulub, işğalçı ölkənin məğlubiyyəti bir sıra rəsmi sənədlərlə təsdiqlənib, ancaq aradan bir neçə il keçməsinə baxmayaraq, hələ də sülh sazişi imzalanmayıb. Buna görə də təbii olaraq sual doğur: -Niyə?
Prinsipcə, işğalçı ölkə də məğlubiyyətini hərtərəfli olaraq qəbul edib və sülh sazişinin bağlanmasına razılaşır. Lakin müqaviləni imzalaya bilmir, çünki daxildən və xaricdən güclü təzyiqlərlə qarşılaşır. Təzyiqin isə birinci və axırıncı amili Rusiyadır. Keçmiş imperiya “bəlkə də qaytardıq” ambisiyalarından əl çəkə bilmir, Ukrayna müharibəsinə görə özü çətin vəziyyətdə olsa da keçmiş sovet respublikaları adlanan dövlətlər üzərində özünün protektorluğunu saxlamağa çalışır, hazırda müstəqil dövlət statusu ilə öz inkişaf yolu ilə gedən həmin ölkələrə münasibətini dəyişə bilmir. Hesab edir ki, bu ölkələr yalnız onun rəhbərliyi altında yaşaya bilərlər”.
Ekspert qeyd edib ki, belə bir şəraitdə Azərbaycanın sülhə mane olan təzyiqləri dəf etmək üçün daha çevik və sərfəli şərtlər daxilində daha güclü dövlətlərlə əməkdaşlığını siyasət tələb edir:
“Bu zərurət fonunda ABŞ Prezidenti Azərbaycana və Ermənistana əməkdaşlıq təklifləri ilə müraciət edir. Bu təklif yerinə düşən və yeni dünya nizamında müsbət meyillər vəd etdiyindən hər iki tərəf onu qəbul edir. Bu həm də 200 ilə yaxın müddətdə Cənubi Qafqazı əsarətdə saxlayan Rusiya imperiyasının mümkün zorakılığından qorunmaq üçün əlavə bir stimul idi.
Çünki 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı 10 noyabr Bəyannaməsində nəzərdə tutulan və Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında hərtərəfli kommunikasıya dəhlizinin yaradılmasını ehtiva edən bəndin yerinə yetirilməsinə məhz Rusiya mane olurdu. Beləliklə, bu dəhlizin ABŞ ilə birgə yaradılması ideyası ilə “Sülh Şurası”na üzvlük arasında sıx əlaqə var”.
Novruz Novruzov vurğulayıb ki, “Sülh Şurası” beynəlxalq aləmdə yeni bir təşkilat və əlbir beynəlxalq səylər üçün platformadır:
“Azərbaycan Prezidenti İlham Əliyev həmişə qeyd edir ki, ölkəmiz digər ölkələrlə qarşılıqlı əməkdaşlıq və mənfəət ruhunda əlaqələr qurur. “Sülh Şurası”na üzvlük də ölkəmiz üçün bu istiqaməti ehtiva edir. Təsadüfi deyil ki, Şuranın keçirilən ilk iclasından əvvəl ABŞ-dən böyük bir işçi qrupu Azərbaycana səfərə gəldi və iqtisadi sahədə ciddi əlaqələrin qurulması barədə səlahiyyətli şəxslərlə daşıqlar aparıldı.
Bu, ölkəmizin sənaye sahələrinə və kənd təsərrüfatına yüksək texnologiyaların tətbiqi deməkdir. Üstəlik, gələcək həyatın inqilabı təkamülü üçün tətbiq edilən süni intellekt texnologiyasının Azərbaycanda inkişaf etdirilməsinə yol açılacaq. Bu əlaqələrin arxasında bir neçə milyardlıq investisiya paketi durur. Başqa sözlə, ölkəmizdə yeni iş yerlərinin daha sürətlə açılması, dünyanın inkişaf etmiş ölkəsi ilə Azərbaycanın iqtisadi əməkdaşlığının genişləndirilməsi baş verəcək”.
Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycanın da üzv olduğu Türk Dövlətləri Təşkilatının üzvləri də “Sülh Şurası”nın tərkibinə daxil olublar:
“Siyasi mənada Avroasiya məkanının məcazi düşüncə ilə “belinin kəməri” kimi görünən bir təşkilatın Amerika qitəsinə qədər uzanması “Sülh Şurası”nda Azərbaycanın öz strateji müttəfiqləri ilə vahid strateji məqsəd ətrafında birləşdiyini göstərir. Yeni dünya düzənində bu birliyin rolunun böyük olacağı zaman məsələsidir”.
Elmir Mustafa



