“Milli” adında antimilli ünsürlərin antiinsan cılızlığı

SİYASƏT
12:29 / 21.02.2026
118

ABŞ-də keçirilən "Sülh Şurası"nın iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinə qarşı bir qrup şəxsin təxribatı demokratiya pərdəsi altında siyasi təzyiq göstərməkdən başqa bir şey deyil. 

 

Gəlin diqqət edək: ABŞ və Azərbaycan arasında ən yüksək səviyyədə əlaqələr qurulur, qarşılıqlı əməkdaşlıq genişlənir, mötəbər beynəlxalq məclislərdə dünyanın ən qüdrətli ölkəsinin başçısı Azərbaycan prezidentini təqdir edir, tərifləyir, ona xüsusi diqqət göstərir, fəaliyyətinə görə rəğbətini bildirir. Amma okeanın o tayında iclasda iştirak edən ölkəmizin rəhbərliyinin qaldığl otelin qarşısına bir neçə nəfər “həmvətənimiz” yığışıb əllərində telefon çığır-bağır salırlar. Guya bunlar demokratdırlar, sual verəcəklər, Azərbaycanı “ifşa” edəcəklər və s. 

Bu cür rüsvayçı hərəkətlərlə özlərini aldadan və sosial şəbəkə istifadəçilərini aldatmağa çalışan bu adamların kimlərə və nəyə görə xidmət etdikləri cəmiyyətə çoxdan aydındır. İndi siyasi riyakarlığın mahiyyətini hamı bilir. İnkişaf etmiş ölkələrdə müxtəlif yollarla siyasi mühacir statusu alaraq sosial yardımlar hesabına yaşayan bu cür adamların gizli xidmət orqanları, yaxud ayrı-ayrı təşkilatlar tərəfindən ələ alınması hər kəsə məlumdur. 

 

Çünki həmin adamlarda pul sevgisi insanlıq sevgisindən qat-qat yüksək olur. Bu pulgirliyə görə də nəyə desən razılaşırlar. Xalqımıza zülm edən, inkişafımızı ən azı 30 il geri salan erməni müharibə cinayətkarlarına Azərbaycan məhkəməsi tərəfindən layiq olduqları cəzaların verilməsi Azərbaycanı istəməyən bəzi Qərb dövlətləri, o cümlədən Amerikadakı ermənipərəst dairələr tərəfindən həzm oluna bilmir. 

Məhz buna görə də dərhal Azərbaycandan olan antimilli ünsürlər dolayısı yollarla həmin dairələrdən tapşırıqlar alırlar. Bu cür “tryuk”lar çoxdan faş olunub və həqiqət qarşısında səmərəsiz olduğu təsdiqlənib. Ancaq nə edəsən ki, pulgirlik hələ də bu cür alçaq metodlara rəvac verir. 

 

“Waldorf Astoria” mehmanxanasının qarşısındakı təxribatçı çıxışların bir məqsədi də budur: erməni cinayətkarlar guya cinayətlərinə görə yox, Azərbaycanda demokratiyanın olmamasına görə məhkum ediliblər. Təsadüfi deyil ki, ermənilərin üzdəniraq amerikalı dostu, ABŞ Senatının nümayəndələr palatasının keçmiş sədri Nensi Pelosi də bu günlərdə fəallaşıb.

Görün bu təxribatçılar nə qədər həyasızlaşıblar ki, xarici dövlətin nümayəndə heyətinin təhlükəsizliyi üzrə qaydaları pozmaqdan da çəkinmirlər. Bu fakt sübut edir ki, bu adamlar ümumiyyətlə demokratiyanın nə olduğunu bilmirlər və bunu həyasızlıqla qarışıq salırlar. Üstəlik də öz ağalarından aldıqları tapşırıqları yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Axı, ortada qazanc söhbəti var. Allah kəssin bu cür qazancı!

 

Akif Nağı

Azad Vətən Partiyasının sədri

0