Mənim, Prezidenti Amerikada protesto etməyə cəhd etməyin hüquqi tərəfləri ilə işim yoxdur: onların bu hərəkətləri qanuni idimi, dövlət başçılarının qaldıqları məkanlara nə qədər yaxınlaşıb-yaxınlaşmamaq olar, orda meqafondan istifadəyə qanunlar yol verirmi və s.
Açığı, bunları araşdırmağa nə vaxtım, nə də həvəsim var. Heç marağımda da deyil.
Məni məsələnin daha çox mənəvi tərəfi maraqlandırır.
Belə ki, həmin aksiyada iştirak edənlərdən Tofiq Yaqublunun oğlu Rəhimdən başqa əksəriyyəti uzun illərdir Amerikada yaşayırlar. Bu illər ərzində biz, Azərbaycan icması olaraq ermənilərə qarşı saysız-hesabsız aksiyalar keçirmişik. Şəxsən mən 12 ildir Amerikada olduğum müddətdə çox vaxt övladlarımla bərabər Ermənistanın Vaşinqtondakı səfirliyinin önündə hər 26 fevralda, Vaşinqtonun sərt soyuğunda saatlarla Xocalı soyqırımını protesto etmişik.
Özəlliklə Polad Həşimovun şəhadətindən etibarən, 44 günlük savaşımızın sonuna qədər sayını itirdiyim qədər aksiyalar keçirdik.
O aksiyaların birində də həmin o Prezidenti protesto etməklə ölkəmiz adına utancverici mənzərənin yaranmasına səbəb olan şəxslərdən birini də görmədim. Anladıq - iqtidara müxalifsiniz və bu sizin haqqınızdır. Bəs Vətən??? Vətənə də müxalifsiniz? Yoxsa ermənini düşmən hesab etmirsinizmi ki, bu illər ərzində bircə dəfə də olsun bu cür aksiyalardan birini yaşadığınız şəhərdə yerləşən düşmən ölkənin səfirliyinin qarşısında da təşkil etmədiniz???
Bəlkə "Green kart" eşqi Vətən eşqini üstələdi??? Hə, bir də, hüquqlarını müdafiə üçün çıxdığınızı iddia etdiyiniz jurnalistlər və Tofiq Yaqublu yeni həbs edilməyiblər. Yəni onların həbsdə olduqları müddətdə ölkə başçımız dəfələrlə Amerikada səfərdə olub. Niyə məhz indi protesto etmək ağlınıza gəldi?
Sizi bilmirəm, mənə görə həm Münhendə, həm də Vaşinqtonda baş verənlərin Bakıda separatçı erməni qatillərə ömürlük, Rusiyanın adamı olan Vardanyana 20 il həbs cəzası verilməsindən dərhal sonra olması, heç də təsadüf deyil...
Zaur Bayramlı


