Deputat: “Rusiya Azərbaycana qarşı olan qüvvələrə dəstək verir”

SİYASƏT
16:12 / 25.02.2026
112

“Azərbaycan 2020-ci ildə Vətən müharibəsindəki qələbəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində suverenliyini tam bərpa etməsi ilə yalnız regionda deyil, artıq geniş arealda çox böyük yeni siyasi konfiqurasiya formalaşdırıb”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkə başçımız cənab İlham Əliyevin də dediyi kimi bu zəfər çox böyük layları yerindən oynadıb:
“Azərbaycanın qələbəsi yalnız bölgədə yox, artıq geniş siyasi platformada rezonanslar yarada bilib. Bu, ölkəmizin böyük uğurudur, Prezidentimizin siyasi qrosmeyster yanaşmasıdır. Ölkə başçımızın siyasi nüfuzu qlobal liderlər tərəfindən qəbul edilir və artıq cənab İlham Əliyev bu mənada dünya liderləri sırasında öz yerini möhkəmlədib”.

Millət vəkili qeyd edib ki, bütün bunların fonunda Azərbaycanın uğurları artdıqca, eyni vaxtda ölkəmizə hibrid hücumların və bədxahların, digər Azərbaycanfob dairələrin ssenariləri əsasında təxribatların da artması gözlənilən idi:
“Cənab Prezidentin həm Avropada, həm ABŞ-dəki səfərləri çərçivəsində baş verən təxribatlarda iştirak edənlər layiq cəzalarını və cavablarını aldılar. Yəni həm Prezident İlham Əliyev, həm birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təxribat dolu suallara tutarlı cavablar elə Azərbaycan xalqının mövqeyinin əks olunması anlamına gəlir. Təxribatların arxasında duran qüvvələr də bəllidir. 

Uzun müddətdir ABŞ-də olan və ölkəmizə qarşı təxribatlar törətmək istəyən, Azərbaycanla bağlı olan məsələlərdə qeyri-obyektiv mövzular uyduran, onu tirajlayan təşkilatların sifarişlərinin olduğu hamıya məlumdur. ABŞ-dəki bəzi senatorlar var ki, onlar erməni lobbi təşkilatlarından, erməni mafiya qruplarından qidalanırlar. Lakin özünü azərbaycanlı sayan, bu soyadı daşıyan ünsürlərin isə onlarla əlbir olması və onların hər birinə tezisin eyni mərkəzdən gəlməsi açıq-aydın görünür. Bu qüvvələr cürbəcür yerlərdən tezislər alsalar da, mənbə, mövzu eynidir. Burada erməni lobbisinin güclü olduğu ABŞ, Fransa və Rusiya var”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Rusiyanın mövqeyi artıq tam hər birimizə aydındır:
“Azərbaycanın qələbəsi, cənab Prezidentin artan nüfuzu və artıq dünya siyasətində mövqeyinin öz təsirini göstərməsi təəssüf olsun ki, qonşumuz Rusiyanı da narahat edir. Bu qıcıq artıq açıq-aydın görünməkdədir. Yəni bu gün Rusiyadan da Azərbaycan əleyhinə həm hibrid, həm açıq konkret təxribatlarda dəstəklənmə hiss olunur. Təbii ki, bütün bu hallar təəssüf doğurur. Çünki Azərbaycanın Rusiya ilə rəsmi müttəfiqlik müqaviləsi mövcuddur. İki ölkə bir çox məsələdə adekvat, qarşılıqlı faydalı əməkdaşlığa söykənən siyasət həyata keçirib. Amma yenə də təəssüflər olsun ki, Rusiya belə addımlar atır.

Həm hibrid hücumlarda, həm AZAL-a məxsus təyyarənin vurulmasına Moskvanın mövqeyinə, həm rusiyalı deputatların, həm də digər siyasətçilərin anlaşılmaz və təxribat xarakterli bəyanatları Rusiyanın da bu gün Azərbaycanın uğurlarına sevinmədiyi göstərir. Bu isə yalnız təəssüf doğurur. Çünki Azərbaycan xarici siyasətində öncə milli maraqlarını qoruyur və uğurlu balanslı siyasət həyata keçirir”.

Vüqar İskəndərov onu da əlavə edib ki, Azərbaycanın heç bir ölkə ilə problemi yoxdur:
“Amma kimlər Azərbaycanın uğurlarını problem olaraq görürlərsə, bu, onları öz işidir. Onların narahat olması isə Azərbaycanın uğurlarına kölgə sala bilməz. Bu gün Azərbaycan çox uğurla ABŞ ilə münasibətlərini inkişaf etdirir. Artıq iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq və strateji münasibətlər sürətlə inkişaf edir. Eyni zamanda, Azərbaycanın Çinlə çox yaxşı münasibətləri mövcuddur. Bu gün Çin Azərbaycanı, Azərbaycan da Çini strateji tərəfdaş sayır. Rusiya ilə isə bizim münasibətlərimizi konkret müqavilə tənzimləyir. Amma artıq Rusiyanın Azərbaycanla bağlı siyasətinə nəzər yetirdikdə hiss olunur ki, orada Azərbaycanfob olan qara qüvvələrə bu və ya digər formada dəstək verməyə çalışılır”.

Deputat söyləyib ki, təxribatçıları xaricdən maliyyələşdirən bütün qüvvələrin tezisi eynidir:
“Bu isə onu deməyə əsas verir ki, sözügedən qüvvələrin maraqları Azərbaycanın uğurlu siyasətinə, dinamik inkişafına və tərəqqisinə kölgə salmağa xidmət edir. Lakin Azərbaycanın getdiyi bu yoldan heç nə döndərə bilməz. Hazırda Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf yolundadır. Düşünürük ki, xalqın birliyi, vətəndaşların ölkə başçısına olan inamı və dəstəyi bizi belə cılız məsələlərdən uğurla qoruyur. Əksinə, siyasətimiz və qlobal nüfuzumuz durmadan artır”.

Elmir Mustafa

0