Hərbi ekspert Ədalət Verdiyev “Real TV”nin efirində İranın Azərbaycan Ordusuna qarşı apardığı iddia edilən gizli fəaliyyətlər barədə açıqlama verib.
Hit.az xəbər verir ki, hazırda ABŞ və İsrail ilə gərginlik yaşayan İranın vaxtilə ölkəmizlə münasibətdə atdığı addımlar yenidən gündəmə gətirilib.
Ekspert bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Araz çayı boyunca uğurlu əməliyyatlar həyata keçirərkən İran tərəfi müxtəlif maneələr yaradıb:
“Vətən müharibəsi zamanı Arazboyu irəliləyirdik. Onlar əsgərlərini yerləşdirərək müəyyən istiqamətlərdə önümüzü kəsdilər. Araz çayının qarşı sahilindəki yüksəkliklərdə radiolokasiya stansiyaları quraraq müşahidəçilər yerləşdirdilər. Ordumuzun hərəkəti, koordinatları və istiqaməti barədə məlumatları qarşı tərəfə ötürdülər”.
Ə.Verdiyev çıxışında həmçinin İranın həmin dövrdə sərhəd bölgəsində keçirdiyi hərbi təlimlərə və səsləndirilən bəyanatlara da toxunub:
“Sərhədimizə yaxın ərazilərdə təlimlər keçirdilər. Həmin vaxt bizə hədə-qorxu gələn generalların bu gün heç biri həyatda deyil”.
Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.
Nərgiz Vəlizadə


