"İran tərəfindən Naxçıvan Muxtar Respublikasının hava limanına qarşı dron hücumunun həyata keçirilməsi qətiyyətlə pislənməli olan son dərəcə təhlükəli addımdır".
Hit.az xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O bildirib ki, mülki vətəndaşların istifadə etdiyi hava limanı kimi infrastrukturu hədəfə almaq yalnız hərbi-siyasi baxımdan deyil, həm də humanitar prinsiplər baxımından qəbuledilməzdir:
"Bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirir və dövlətlər arasında etimadın ciddi şəkildə zədələnməsinə səbəb olur. Azərbaycan dövləti bütün dövrlərdə qonşularla münasibətlərdə məsuliyyətli və balanslı siyasət yürüdüb, mehriban qonşuluq prinsiplərinə sadiq qalıb".
Deputat vurğulayıb ki, Azərbaycanın ərazisi heç vaxt İrana və ya başqa bir ölkəyə qarşı istifadə olunmayıb:
"Əksinə, Azərbaycan həmişə regionda sabitliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edib. Belə bir şəraitdə mülki infrastruktura qarşı bu cür hücumların baş verməsi təəssüf və qəzəb doğurmaqla yanaşı, ciddi suallar yaradır. Bu hadisənin başqa bir mühüm tərəfi də var.
İran ərazisində, xüsusilə Cənubi Azərbaycanda milyonlarla azərbaycanlı yaşayır. Onlar həmin ölkənin vətəndaşları olmaqla yanaşı, öz milli kimliklərini, dil və mədəniyyətlərini qorumağa çalışan böyük bir toplumdur".
Siyasətçinin fikrincə, Naxçıvana qarşı belə bir hücum, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hisslərinə də təsirsiz qalmayacaq:
"Çünki söhbət onların etnik, mədəni və tarixi bağlılıq hiss etdikləri bir ölkəyə qarşı edilən addımdan gedir. Uzun illərdir Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların dil, mədəniyyət və ictimai fəaliyyətlə bağlı hüquqları ilə əlaqədar müxtəlif narahatlıqlar səslənir. Belə hadisələr isə həmin narahatlıqları daha da artırır və təbii olaraq insanlarda öz hüquqlarını daha açıq və daha qəti şəkildə tələb etmək ehtiyacını gücləndirir. Müasir dünyada xalqların kimliyinə, dilinə və mədəniyyətinə hörmət edilməsi dövlətlərin sabitliyi üçün əsas amillərdən biridir.
Hesab edirəm ki, regionda sabitlik yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və dinc yanaşmaya əsaslanan siyasətlə mümkündür. Mülki infrastruktura qarşı hücumlar isə nə təhlükəsizliyə, nə də regional əməkdaşlığa xidmət edir. İnanıram ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bundan sonra da öz vətəndaşlarının təhlükəsizliyini qorumaqla yanaşı, regionda sülh və sabitliyin qorunması üçün prinsipial mövqe nümayiş etdirəcək".


