İrana sərt cavab: “Azərbaycan 10 qat artıq cavab verə bilər”

SİYASƏT
14:57 / 05.03.2026
231

“İranın Naxçıvanı vurması və dinc insanların həyatına təhlükə yaratması heç bir ölçüyə sığmır”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana qarşı atılan bu addım İrandakı molla rejiminin tamamilə iflasa uğradığını göstərir:
“Azərbaycan illərdir ki, İrana qarşı loyal münasibət saxlayır. İki ölkə arasında bir çox müştərək layihə və əməkdaşlıqlar var. Bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etdi, burada səmimi görüşlər keçirdi. Son olaraq da Azərbaycan Prezidenti İlham Əliyev həm də İrana başsağlığı verdi, həm səfirliyə getdi. Bəs birdən-birə bu hərəkət nədir? Hesab edirəm ki, bu münasibətin qarşısında İranın Azərbaycana belə hərəkət etməsinin nankorluqdan başqa adı yoxdur”.

Siyasətçi vurğulayıb ki, İran mənasız bir rejim tərəfindən idarə olunur:
“Bütün bunlar onların imkanlarının bitdiyini göstərir. İran “Məndən sonra dünya dağılsın” düşüncəsi ilə hərəkət edir. Bu da yalnız dəlilərin, ağlını itirmişlərin fəlsəfəsi ola bilər. Molla rejimi bilməlidir ki, Azərbaycan onlara qarşı dayansa, İran çox böyük ziyan çəkəcək.

Azərbaycan illərdir Güney Azərbaycandakı soydaşlarımız üçün çalışır. İstəyirdik ki, soydaşlarımız İran hakimiyyətinin çərçivələri daxilində haqlarını tələb etsinlər. Çünki biz normal qonşuluq münasibəti saxlayırıq. Bunun müqabilində isə bizə belə hücum edilir”. 

Partiya sədri qeyd edib ki, İranın Azərbaycana qarşı çıxması intihara bərabədir:
“Çünki Azərbaycan çox asanlıqla onları yerinə oturda bilər. Onlar isə sonradan çox peşmançılıq çəkə bilərlər. Hesab edirəm ki, Azərbaycan ləngimədən addımlar atmalıdır. Artıq Güney Azərbaycandakı soydaşlarımız da hərəkətə keçməlidirlər, çünki sakit dayanmaq vaxtı deyil. İranın farslaşdırdığı Güney Azərbaycanın da sahibi bizik”.

Akif Nağı diqqətə çatdırıb ki, fars sülalələri hakimiyyətə gələndə İranı ağır vəziyyətə salırlar:
“Son olaraq da pəhləvilər adıçəkilən ölkəni ağır vəziyyətə saldılar. İndiki molla rejimi isə mahiyyət etibarilə, pəhləvilərin və fars şovinizminin davamıdır. Lakin unutmasınlar ki, fars şovinizmi artıq iflasa uğrayıb. İran özünün Azərbaycan Azərbaycan-Türk mahiyyətinə qayıtmalıdır. Bu istiqamətdə Azərbaycan da artıq konkret addımlar atmalı və haqqını ortaya qoymalıdır. İnanıram ki, bu istiqamətdə Türkiyə ilə Azərbaycan bir yerdə hərəkət edəcəklər və mütləq də nəticəsi olacaq. Məncə, Azərbaycan İrana sonuncu xəbərdarlığını etməlidir.

Əgər bir də bu əməl təkrar olunarsa, Azərbaycan sərt şəkildə 10 qat artıq cavab verməlidir. Necə ki, Azərbaycan ermənilərə deyirdi ki, “bizə qarşı hərəkət etsəniz, 10 qat artığının cavabını alacaqsınız”. Ermənilər isə onu başa düşmədikləri üçün axırda elə bir zərbə aldılar ki, hələ də özlərinə gələ bilmirlər. Azərbaycan Ermənistana vurduğu ağır zərbəni İrana da vura bilər. O zaman İran bir daha əsla özünə gələ bilməz və orada Azərbaycan mahiyyətinə malik yeni dövlət qurulacaq. Azərbaycan bu istiqamətdə düşünə bilər”.

Elmir Mustafa
 

0