“Mart ayının 5-də İran İslam Respublikası Azərbaycan ərazisinə terror hücumunu həyata keçirdi”.
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İrana məxsus dronlar Naxçıvanda mülki obyektləri hədəf aldı:
“Bu dəhşətli hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını topladı və İranın bu addımı həm xəyanətkar və nankor addım, həm də terror aktı kimi qiymətləndirdi. Dövlətimizin başçısı bəyan etdi ki, İran tərəfi bu terror aktını araşdırmalı, cinayətkarlar cəzalandırmalı və Azərbaycandan üzr istəməlidir. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinə bir nömrəli səfərbərlik tapşırığı verildi.
Cənab Prezident İran-Azərbaycan münasibətlərinə də toxundu və vurğuladı ki, biz həmişə İranla mehriban qonşuluq münasibətlərinə sadiq qalmışıq, heç bir zaman anti-İran fəaliyyəti göstərməmişik. Həmçinin, diqqətə çatdırdı ki, İrana qarşı heç bir sanksiyalarda iştirak etməmişik, üçüncü dövlətin Azərbaycan ərazisindən adıçəkilən ölkəyə qarşı istifadəsinə icazə verməmişik”.
Millət vəkili xatırladıb ki, bu, İranın ölkəmizə ilk terror hücumu deyil:
“27 yanvar 2023-cü ildə də İranda səfirliyimizə terror hücumu olmuşdu. Bütün bu xoş münasibətin qarşılığında səfirliyimizə edilən terror hücumunda bir əməkdaşımız öldürüldü, biri isə yaralandı. Nəticədə, diplomatik əlaqələrimiz kəsildi və Azərbaycanın israrlı mövqeyin nəticəsində cinayətkar xeyli müddət sonra cəzalandırıldı. Bundan əlavə, ötən il 12 günlük İran-İsrail müharibəsi dövründə də Tehranda anti-Azərbaycan təbliğatına geniş yer ayrıldı. İran mediası Azərbaycan əleyhinə yalan məlumatlar paylaşdı və oradakı soydaşlarımızın gözündə ölkəmizin mənfi imicini formalaşdırmaq istədilər. Ancaq bunlar heç bir nəticə vermədi, çünki əsası olmayan yalanlar idi”.
Elman Nəsirov vurğulayıb ki, Azərbaycan heç vaxt İrana qarşı addım atmayıb:
“Cənab İlham Əliyev onu da söylədi ki, dünyanın heç bir dövlətinin lideri İrandakı məlum hadisələrlə bağlı səfirliyə gedib başsağlığı verməyib, bunu ancaq Azərbaycan Prezidenti edib. Eyni zamanda, İran xarici işlər naziri müavini xahiş etmişdi ki, Livandan İran diplomatlarının təxliyəsinə Azərbaycan köməklik etsin. Nəticədə, dövlətimiz heç bir ödəniş tələb etmədən onların İrana qayıdışını təmin etdi. Bu bir dost köməyi idi və biz çətin anda həmişə bu cür davranış ortaya qoymuşuq. Amma qarşılığında xəyanətkar, nankor bir addımla üz-üzə qaldıq”.
Deputat diqqətə çatdırıb ki, bu hadisə ikitərəfli münasibətlərimizdə çox ciddi çatlar yaratdı və buna görə də bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür:
“Əgər İran bundan sonra da analoji addımlar atsa, adekvat cavabla üz-üzə qalacaq. Artıq Azərbaycan dövlətinin mövqeyini bir çox dövlət dəstəkləyib. Bununla bağlı Azərbaycan Prezidentinə və xarici işlər nazirinə zənglər gəlir. Türk Dövlətləri Təşkilatı (TDT) dəstək verir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəstəyini açıq şəkildə ifadə etdi. O, hətta İrana bəyanat ünvanladı ki, özlərini yığışdırsınlar, Azərbaycanın yanında Türkiyə var. Hesab edirik ki, bu dünyada dostları barmaq sayından belə az olduğu bir reallıqda İran onlara mehriban qonşuluq siyasəti həyata keçirən Azərbaycana qarşı belə xəyanətkar addımın bədəlini ödəməli olacaq”.
Elmir Mustafa


