“Möhtərəm cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər regionda baş verən son hadisələrin mahiyyətini aydın şəkildə ortaya qoydu”.
Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İran tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə zərbələrin endirilməsi Azərbaycan dövlətinə və onun suverenliyinə qarşı açıq təxribat və terror aktıdır:
“Mülki obyektlərin, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanının və digər infrastrukturun hədəf alınması bu hücumun beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğunu bir daha göstərir. Azərbaycan hər zaman qonşuluq münasibətlərində səmimilik və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Dövlət başçısının çıxışında da vurğulandığı kimi, ölkəmiz heç vaxt öz ərazisinin hansısa dövlətə qarşı istifadə olunmasına imkan verməyib və verməyəcək. Lakin bu prinsipial mövqedən sui-istifadə edilərək ölkəmizə qarşı belə təxribat xarakterli addımların atılması qəbuledilməzdir və buna adekvat cavab veriləcək”.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın öz təhlükəsizliyini və vətəndaşlarının həyatını qorumaq üçün bütün imkanlara malik olduğunu bir daha göstərdi:
“Silahlı Qüvvələrə verilən göstərişlər, sərhəd təhlükəsizliyi ilə bağlı görülən tədbirlər və diplomatik kanallar vasitəsilə atılan addımlar məsələyə nə qədər ciddi yanaşıldığını nümayiş etdirir. Ölkəmiz suverenliyinə və təhlükəsizliyinə qarşı yönələn istənilən addım qarşısında qətiyyətli mövqe nümayiş etdirmək iqtidarındadır.
Eyni zamanda, dövlət başçımız Cənab İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri Azərbaycanın humanist mövqeyinin bir daha nümayiş etdirilməsi idi. Belə bir gərgin vəziyyətdə İranın Livanda qalmış diplomatik əməkdaşlarının təxliyəsinə yardım göstərilməsi dövlətimizin siyasi mədəniyyətinin və dövlətçilik ənənəsinin göstəricisidir. Bu fakt Azərbaycanın humanizm və beynəlxalq həmrəylik prinsiplərinə sadiqliyini açıq şəkildə ortaya qoyur”.
Partiya sədri qeyd edib ki, bütün humanist addımlara baxmayaraq, İranın Naxçıvan istiqamətində mülki obyektləri hədəf alması qətiyyətlə pislənilməli və beynəlxalq hüquqa zidd təxribat kimi qiymətləndirilməlidir:
“İranın bu yaramaz davranışı bütün çılpaqlığı ilə göz önündədir. Baş verən hadisələr göstərir ki, regionda sabitliyin qorunması yalnız qarşılıqlı hörmət və məsuliyyətli davranış əsasında mümkündür. Azərbaycan sülh və sabitliyin tərəfdarıdır, lakin ölkəmizə qarşı yönələn hər hansı təhdid qarşısında da susmayacaq. Ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətdir və istənilən təxribatın qarşısını almaq iqtidarındadır. Dövlətimizin təhlükəsizliyi, suverenliyi və vətəndaşlarımızın təhlükəsizliyi dəyişməz prioritetdir. Azərbaycan xalqı hər zaman olduğu kimi dövlət başçısının ətrafında sıx birləşərək bu çətin mərhələdən də güclənərək çıxacaq”.
Elmir Mustafa


