"Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərir".
Bu sözləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bu gün Avropa üçün yalnız etibarlı enerji tərəfdaşı deyil, eyni zamanda regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan strateji aktordur:
"Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və iqtisadi əməkdaşlıq istiqamətlərində tərəflər arasında qarşılıqlı maraqların genişlənməsi münasibətlərin daha da dərinləşəcəyini göstərir".
Ekspert qeyd edib ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı suverenlik və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirməsi ölkəmizin balanslaşdırılmış xarici siyasət kursunun beynəlxalq müstəvidə qəbul olunduğunu təsdiqləyir:
"Bütün bunlar göstərir ki, Azərbaycan-Avropa İttifaqı əlaqələri təkcə enerji sahəsi ilə məhdudlaşmır, siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik kimi istiqamətlərdə də strateji xarakter almaqdadır. Bu isə Azərbaycanın Avropa ilə tərəfdaşlıq münasibətlərində rolunun getdikcə artdığını bir daha nümayiş etdirir".
Günel Cəlilova



