Azərbaycan regionun təhlükəsizliyində mühüm rol oynayır

SİYASƏT
11:18 / 13.03.2026
124

"Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın regionun təhlükəsizliyində aparıcı rol oynaması artıq beynəlxalq siyasi dairələrdə də qəbul edilən fakt kimi qiymətləndirilir".

Bu sözləri siyasi şərhçi Tural İsmayılov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni siyasi və hərbi balans Azərbaycanı təhlükəsizlik sisteminin əsas aktorlarından birinə çevirib:

"44 günlük Vətən müharibəsi yalnız hərbi qələbə deyil, eyni zamanda uzun illər davam edən münaqişə mənbəyinin aradan qalxması və regional sabitlik üçün yeni imkanların yaranması baxımından mühüm dönüş nöqtəsi oldu. Azərbaycan yalnız hərbi güc faktoruna söykənən siyasət yürütmür, eyni zamanda regionda əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik modelini təşviq edən dövlət kimi çıxış edir".

Ekspert qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “3+3” regional əməkdaşlıq formatı məhz Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına xidmət edən siyasi mexanizm kimi dəyərləndirilir:

394374

"Bu təşəbbüs region dövlətlərinin təhlükəsizlik və iqtisadi məsələləri xarici müdaxilələrdən daha çox regional dialoq vasitəsilə həll etməsini nəzərdə tutur və bu baxımdan Azərbaycanın konstruktiv siyasi kursunun göstəricisi hesab olunur. Həmçinin, Azərbaycan enerji təhlükəsizliyi sahəsində də mühüm strateji rol oynayır. Xüsusilə Avropanın enerji təminatının şaxələndirilməsi siyasəti çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq genişlənmiş və Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi kimi qlobal enerji layihələri regionun geosiyasi əhəmiyyətini daha da artırmışdır. Enerji marşrutlarının təhlükəsiz və sabit şəkildə fəaliyyət göstərməsi isə birbaşa olaraq regional sabitlik və təhlükəsizlik mühitinin möhkəmlənməsi ilə bağlıdır".

Tural İsmayılov onu da diqqətə çatdırıb ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət regionda sabitliyin qorunmasına ciddi töhfə verir:

"İlham Əliyevin rəhbərliyi ilə ölkə həm region dövlətləri, həm də böyük güc mərkəzləri ilə praqmatik və çoxvektorlu münasibətlər quraraq Cənubi Qafqazda dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Bu siyasət nəticəsində Azərbaycan yalnız öz milli maraqlarını qoruyan dövlət kimi deyil, həm də regional təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verən məsuliyyətli aktor kimi çıxış edir. Beləliklə, hərbi-siyasi potensial, enerji resursları, strateji coğrafi mövqe və çevik diplomatiyanın sintezi Azərbaycanı Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı dövlətlərdən birinə çevirir və regionun gələcək sabitlik modelində ölkənin rolunu daha da gücləndirir".

Günel Cəlilova

0