Deputat: “Prezidentin Novruzu Qarabağda qarşılaması xüsusi məna daşıyır”

SİYASƏT
18:45 / 19.03.2026
149

“Möhtərəm cənab Prezident İlham Əliyevin “altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm” fikri Azərbaycanın tarixində yeni bir mərhələnin, milli qürurun və bərpa olunmuş ədalətin ifadəsidir”.

Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Novruzu Qarabağda qarşılamaq bu torpaqların mənəvi olaraq Vətənə qovuşduğunun simvoludur:


“Uzun illər həsrətində olduğumuz o torpaqlarda tonqal qalamaq bu gün hər bir azərbaycanlı üçün böyük qürur və sevinc mənbəyidir. Dövlət başçımızın bu ənənəni artıq altı ildir davam etdirməsi xüsusi məna daşıyır. Bu, həm siyasi iradənin davamlılığını, Qarabağın dirçəlişinin layihələrlə, ruhla, yaddaşla və milli dəyərlərlə bərpa olunduğunu göstərir”.

Deputat vurğulayıb ki, bu gün Qarabağda yanan Novruz tonqalı baharın gəlişi olmaqla yanaşı, eyni zamanda Zəfəri, qayıdışı və yeni həyatı simvolizə edir:
“Hər il həmin tonqalın alovunda biz şəhidlərimizin ruhunu, qazilərimizin qəhrəmanlığını və xalqımızın möhtərəm cənab Prezident İlham Əliyevin ətrafında sarsılmaz birliyini görürük. Dövlət başçımızın “Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir” ifadəsi xalqın ürəyindən gələn hisslərin ən səmimi ifadəsidir”.

Günay Ağamalı diqqətə çatdırıb ki, bu xoşbəxtlik xilaskar liderin ətrafında sıx birləşən bütöv bir millətin qazandığı tarixi Zəfərin nəticəsidir:
“Qarabağ və Şərqi Zəngəzurda qeyd olunan hər bir Novruz bundan sonra da Azərbaycan xalqının gücünün, iradəsinin və birliyinin simvolu olaraq tariximizdə xüsusi yer tutacaq”.

Elmir Mustafa

0