“Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və türk dünyası üçün olduqca böyük əhəmiyyəti olan bir qurumdur”.
Bu sözləri siyasi şərhçi Əli Mustafa Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, türk dövlətlərinin bir araya gəlməsi, eyni çətir altında birləşməsi hər zaman ən böyük arzumuz olub:
“Artıq bu istiqamətdə artıq xeyli addımlar atılıb. Əlbəttə, keçmiş sovet istilasında olan türk dövlətlərinin bu gün suverenlik qazanması, Türkiyə ilə bir yerdə olması həm avantajlı, həm də qürurvericidir. Üstəlik, köhnə dünya nizamı da demək olar ki, sarsılır və bir yeni düzənin yaranması prosesi gedir. Əslində bu yeni dünya nizamının quruculuğunda türk dövlətlərinin bir güc mərkəzi olaraq formalaşması və gələcək dünyanın qütblərindən biri kimi meydana çıxması şansları var”.
Ekspert qeyd edib ki, bu da bizim üçün böyük üstünlükdür:
“Türk Dövlətləri Təşkilatının beynəlxalq bir qurum olaraq yaranması və birlik modeli olaraq meydana çıxması onu deməyə əsas verir ki, gələcəkdə bu dövlətlər arasındakı münasibətlər daha da dərinləşəcək. Yəqin ki, bu, strateji tərəfdaşlığa qədər aparıb çıxaracaq. Hətta sözügedən təşkilat dövlətlərüstü qurum səviyyəsinə qədər də yüksələ bilər. Bu təbii ki, gələcəyin reallıqlarından və gedişatından asılı olacaq”.
Əli Mustafa vurğulayıb ki, türk milləti bir yerdə olmaq istəyir:
“Yəni bu Türk Dövlətləri Təşkilatını quran dövlətlərin xalqları birmənalı olaraq türk millətinin bir arada olmasını istəyir. Bu, bizim bütün problemlərimizin, o cümlədən hələ də türk dünyasının müstəqilliyinə qarşı olan qüvvələrin qarşısının alınmasının yeganə modelidir. Əminik ki, Türk Dövlətləri Təşkilatı güclənəcək və bir güc mərkəzi olaraq yeni nizamında türk milləti də öz yerini tutacaq”.
Elmir Mustafa



