Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı MÜHÜM ROLU

SİYASƏT
10:57 / 03.04.2026
123

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının və vitse-prezidentlərinin Bakı görüşü, regionun geosiyasi arxitekturasında “Türk Faktoru”nun artıq sadəcə mədəni-mənəvi deyil, həm də strateji bir güc mərkəzi kimi institusionallaşdığını sübut edir”. 

Bu sözləri siyasi şərhçi Tural İsmayılov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu toplantı Azərbaycanın xarici siyasətində mühüm yer tutan “Türk dünyası ailəsi” konsepsiyasının praktik müstəviyə keçidinin növbəti mərhələsidir:

“Bakının ev sahibliyi etdiyi bu platforma xüsusilə Orta Dəhliz layihəsinin reallaşması istiqamətində mühüm qərarların qəbul edildiyi bir mərkəz rolunu oynayır. Qlobal təchizat zəncirində yaranan qeyri-sabitlik fonunda Türk dövlətlərinin vahid nəqliyyat və logistika şəbəkəsi yaratmaq əzmi, həm Şərq-Qərb ticarətinin təhlükəsizliyini təmin edir, həm də bu dövlətlərin iqtisadi suverenliyini gücləndirir. Siyasi baxımdan yanaşsaq, bu formatın Bakıda bir araya gəlməsi Azərbaycanın Türk dövlətləri arasında “birləşdirici halqa” statusunu möhkəmləndirir”.

395726

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizinin açılması və Xəzər dənizi üzərindən kommunikasiyaların şaxələndirilməsi müzakirələrin mərkəzində dayanır:

“Bu da regionun tranzit potensialını ikiqat artıracaq faktorlardır. Həmçinin, görüşün gündəliyindəki rəqəmsal iqtisadiyyat, enerji təhlükəsizliyi və ticarət maneələrinin aradan qaldırılması kimi məsələlər TDT-nin Avropa İttifaqı modelinə bənzər dərin inteqrasiya hədəfinə sadiqliyini göstərir. Bu, artıq “yumşaq güc”dən çıxaraq real iqtisadi və siyasi “sərt güc”ə çevrilmə prosesidir”.

Tural İsmayılov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının bu səviyyəli toplantıları həm də xarici güc mərkəzlərinə verilən kollektiv bir mesajdır:

“Mərkəzi Asiyadan Qafqaza və Türkiyəyə qədər uzanan bu coğrafiyanın vahid bir iradə ilə hərəkət etməsi, regionda kənar diktələrin qarşısını alan ciddi bir qalxan funksiyasını yerinə yetirir. Bakı bəyanatları və əldə olunan razılaşmalar, Türk dövlətlərinin 21-ci əsri “Türk əsri”nə çevirmək üçün ortaq resurslardan maksimum istifadə etmək niyyətində olduğunu təsdiqləyir. Nəticə etibarilə, bu görüş sadəcə bir diplomatik protokol deyil, Avrasiyanın mərkəzində yeni və sarsılmaz bir iqtisadi-siyasi blokun formalaşmasının hüquqi və strateji bazasıdır”.

Günel Cəlilova

0