Türk Dövlətləri Təşkilatı qlobal siyasətin yeni ağırlıq mərkəzidir

SİYASƏT
14:44 / 03.04.2026
151

“Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci görüşü Türk dünyasının qlobal geosiyasi və geo-iqtisadi proseslərdə həlledici güc mərkəzinə çevrilməsini təsdiqləyən strateji bir mərhələdir”. 

Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu görüşün gedişatı göstərir ki, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın moderatorluğu ilə Türk birliyi institusional inkişafın konkret əməli nəticələrlə müşayiət olunan inkişaf dövrünə qədəm qoyub:


“Görüşdə təqdim olunan rəqəmsal göstəricilər və layihələr, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun təşkilat daxilində real iqtisadi mexanizmlər formalaşdırdığını sübut edir. Azərbaycanın üzv dövlətlərə yatırdığı 21 milyard dollarlıq sərmayə ölkə başçımızın bu birliyin iqtisadi sütununu möhkəmləndirmək strategiyasının bariz nümunəsidir. Bu addım gələcəkdə formalaşacaq vahid iqtisadi məkanın sarsılmaz fundamentidir”.

Millət vəkili qeyd edib ki, görüşün mərkəzi xəttini təşkil edən Orta Dəhliz və nəqliyyat-logistika məsələləri Türk dünyasını Şərq ilə Qərb arasında əvəzolunmaz körpü statusuna yüksəldir:
“Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu bir dövrdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun prioritet elan edilməsi regionun logistik mərkəzə çevrilməsi hədəfinə tam xidmət edir. Qazaxıstanın Azərbaycanla imzalamağı planlaşdırdığı hökumətlərarası saziş və yükdaşıma həcminin artırılması hədəfi, ölkəmizin beynəlxalq ticarətdəki çəkisini maksimuma çatdırır. Türkiyənin diqqət çəkdiyi Türk Dövlətləri İnvestisiya Fondunun fəaliyyətə başlaması ölkə başçımızın hər zaman vurğuladığı iqtisadi müstəqillik və daxili resursların səfərbər edilməsi prinsipləri ilə tam üst-üstə düşür”.

Siyasətçi vurğulayıb ki, Özbəkistanın İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şuranın və Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılması təklifi xüsusi əhəmiyyət kəsb edir:
“Bu təşəbbüslər TDT-nin gələcəkdə dərin inteqrasiya yoluna çıxdığını və dövlət başçımızın uzaqgörənliyi ilə formalaşan Türk həmrəyliyi modelinin praktik müstəvidə uğur qazandığını göstərir. Strateji minerallar və tammərhələli istehsalat zəncirinin yaradılması hədəfi Türk dünyasının qlobal texnoloji rəqabətdə aparıcı mövqeyə sahib olması məqsədini daşıyır. Eyni zamanda, rəqəmsal transformasiya planları ölkə rəhbərimizin modernləşmə xəttini bütün Türk dünyası miqyasında aktuallaşdırır. Həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin bu platformada iştirakı və səsləndirilən strateji həmrəylik mesajları, milli və ədalətli xarici siyasətin mənəvi bütövlüyünü tamamlayır”.

Partiya sədri diqqətə çatdırıb ki, qlobal böhranların artdığı bir mühitdə Türk dövlətlərinin təhlükəsizlik və nəqliyyat sahəsində birgə hərəkət etməsi regionda sabitliyin ən böyük təminatıdır:
“Bakı görüşü sübut etdi ki, Türk Dövlətləri Təşkilatı qlobal siyasətin yeni ağırlıq mərkəzidir. Bu görüş bizə yaxın gələcəkdə tam inteqrasiya olunmuş, iqtisadi cəhətdən özünü təmin edən və beynəlxalq enerji-nəqliyyat marşrutlarında mütləq söz sahibi olan güclü bir Türk blokunu vəd edir”.

Elmir Mustafa
 

0