"Azərbaycan və Gürcüstan qonşu dövlətlər olmaqla yanaşı, eyni zamanda tarixin müəyyən zaman kəsiyində eyni taleni yaşamış dövlətlərdir".
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan zamanında Rusiya imperiyasının əsarətində, bundan sonra ötən əsrin əvvəllərində 18-20-ci illərdə müstəqilliklərini elan etmiş dövlətlər olaraq yenidən eyni taleni yaşamaq məcburiyyətində qaldılar:
"70 il SSRİ-nin tərkibində müstəqillikləri əlindən alınmaqla ötən bir dövr bizi qonşu dövlət olmaqla yanaşı eyni taleyi yaşamağa məcbur edən məqamlarla yadda qalıb. 1991-ci ildə müstəqilliklərimizi bərpa etdikdən sonrakı dövrdə iki müstəqil dövlət arasında münasibətlərin inkişafı diqqət mərkəzində olub. Əslində, müstəqillik bərpa olunandan sonrakı dövrü də hətta iki hissəyə bölmək olar.
1991-93-cü illəri əhatə edən bir dövr var idi, o zaman Gürcüstanda Qamsaxurdiya hakimiyyətdə idi və azərbaycanlılara qarşı heç də xoş olmayan münasibət, azərbaycanlıların böyük bir qisminin öz tarixi dədə-baba torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qalmaları ilə müşayiət olunan millətçi siyasət fonunda münasibətlər gərgin idi.
Təbii ki, 1993-cü ildən sonra Azərbaycanda Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra, eyni zamanda Gürcüstanda da Şevardnadzenin hakimiyyətə gəlməsi ilə dövlətlərimiz arasındakı münasibətlər artan, yaxşılığa doğru artan dinamika üzrə inkişaf etməkdədir".
Deputat vurğulayıb ki, bu gün Azərbaycan və Gürcüstanı bir çox məqam bağlayır:
"Dostluq münasibətləri müxtəlif sahələrdə inkişafla davam etməkdədir. Xüsusilə də iqtisadi sahədə, logistik imkanlar baxımından Azərbaycan və Gürcüstan dövlətləri arasında çox tərəfli normal qonşuluq və dostluq münasibətləri formalaşıb.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Gürcüstana rəsmi səfərə gedib. Qarşılıqlı səfərlər tərəflərin əməkdaşlıqda daha yaxından münasibətlərin müsbət məcrada inkişafına xidmət edəcək.
Azərbaycan müstəqilliyini bərpa etmiş Gürcüstanın iqtisadi cəhətdən dirçəlməsində və ayaq üstə qalmasında çox önəmli rol oynayan dövlətdir. Bunu mübaliğəsiz demək mümkündür. Azərbaycan enerji daşıyıcılarının Gürcüstan üzərindən tranziti, habelə adıçəkilən ölkənin tranzit imkanlarından yararlanaraq iqtisadi vəziyyətini düzəltməsi iki ölkə arasındakı münasibətlərə yaxşı mənada yansıdıb".
Siyasətçi qeyd edib ki, müəyyən zaman kəsiyində bəzi Qərb güclərinin Azərbaycana və Gürcüstana eyni mövqeyi sərgiləməsi də bizim diqqət mərkəzimizdə olmalıdır:
"Məsələ burasındadır ki, Gürcüstan 2008-ci ildə Rusiya ilə gərginliklər fonunda ərazisinin bir qismini itirdi. Əslində elə müstəqilliyimizi bərpa edəndən sonra həm Azərbaycanda, həm Gürcüstanda separatizm meylləri Rusiyanın dəstəyi ilə separatçılara verdiyi dəstəklə ciddi münaqişələrə səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsində, Şərqi Zəngəzur bölgəsində torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda Osetiya və Abxaziyanın separatçılıq meylləri ilə Gürcüstan dövlətçiliyinə təhdid törətməsi də təbii ki, Rusiya amili ilə bağlı idi. Bu cəhətdən də dövlətlərimiz arasında çox ciddi oxşarlıqlar var.
Biz öz gücümüzə problemi həll edə bildik, amma təəssüflər olsun ki, Gürcüstan Abxaziya və Osetiya bölgəsini itirmiş bir dövlət olaraq fəaliyyətini davam etdirməkdədir. Gələcəkdə Gürcüstanın da bu problemdən qurtulmasını istəyirik".
Partiya sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan və Gürcüstan öz milli maraqları çərçivəsində uğurlu əməkdaşlıq edirlər:
"Dövlət və hökumət başçılarımız qarşılıqlı səfərlər edirlər. İki ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlər getdikcə daha da dərinləşir. Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkədir. Ölkələrimizi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, eyni zamanda Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr birləşdirir və bu layihələrin bir qədər də genişlənməsi nəzərdə tutulub. Bütün bunların fonunda Azərbaycan və Gürcüstan eyni zamanda beynəlxalq təşkilatlarda da həmişə bir-birlərini dəstəkləyirlər. Yəni hər iki dövlət aparılan siyasətlə əlaqəli beynəlxalq müstəvilərdə də bir-birini dəstəkləmə siyasəti yürüdürlər.
Əlbəttə ki, ərazi bütövlüyümüzün və suverenliyimizin qarşılıqlı olaraq dəstəklənməsi və beynəlxalq platformalarda bu istiqamətdə birgə fəaliyyət iki ölkə arasında münasibətləri bir qədər də gücləndirir".
Elmir Mustafa



