Gürcüstan Azərbaycan münasibətləri: "Regional platforma üçün əhəmiyyətlidir"

SİYASƏT
12:37 / 07.04.2026
128

“Azərbaycanla Gürcüstan arasında qurulan münasibətlər artıq klassik diplomatik çərçivəni aşaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib”.

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu əlaqələrin əsasını qarşılıqlı maraqların uzlaşdırılması və uzunmüddətli əməkdaşlıq iradəsi təşkil edir:

“Rəsmi Bakı və Tbilisi arasında intensiv siyasi təmaslar, yüksək səviyyəli görüşlər və davamlı dialoq iki ölkə arasındakı münasibətlərin dayanıqlı və sistemli xarakter aldığını göstərir. Bu tərəfdaşlığın iqtisadi dayaqları xüsusilə diqqət çəkir. İki ölkə arasında ticarət əlaqələri ilbəil genişlənir, investisiya axını artır və yeni iqtisadi istiqamətlər formalaşır”.

396019

Millət vəkili qeyd edib ki, Azərbaycanın enerji ehtiyatlarının Gürcüstan üzərindən beynəlxalq bazarlara çıxarılması həm region ölkələri, həm də Avropa üçün strateji əhəmiyyət kəsb edir:

“Üstəlik, bu istiqamətdə həyata keçirilən layihələr əməkdaşlığın miqyasını qlobal səviyyəyə daşıyır. Bundan əlavə, nəqliyyat infrastrukturunun inkişafı iki ölkəni mühüm tranzit mərkəzlərinə çevirib. Şərq-Qərb istiqamətində yükdaşımaların artması, yeni logistika imkanlarının yaranması və mövcud marşrutların genişləndirilməsi regionun iqtisadi potensialını daha da gücləndirir. Mövcud geosiyasi dəyişikliklər fonunda bu nəqliyyat xətlərinin əhəmiyyəti daha da artır və yeni regional təşəbbüslərin əsasını qoyur”.

Deputat əlavə edib ki, tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da diqqətdən kənarda qalmır:

“İki ölkə arasında bu istiqamətdə aparılan koordinasiya və dialoq regionda sabitliyin qorunmasına, mümkün risklərin qarşısının alınmasına xidmət edir. Hesab edirəm ki, bu tərəfdaşlıq daha geniş regional əməkdaşlıq üçün platforma rolunu oynayır, habelə qarşılıqlı faydaya əsaslanan uğurlu inteqrasiya nümunəsi kimi çıxış edir”.

Günel Cəlilova

0