Azərbaycan-Gürcüstan əlaqələri: “Sürətli inkişaf yolu keçib”

SİYASƏT
15:21 / 07.04.2026
328

“Cənubi Qafqazın mürəkkəb geosiyasi mənzərəsində Azərbaycanla Gürcüstan arasındakı münasibətlər xüsusi bir model kimi diqqət çəkir”. 

Bu sözləri Azad Vətən Partiyası sədrinin müavini, siyasi şərhçi Afiq Axundov Hit.az-a açıqlamasında deyib.

O, iki ölkə arasındakı münasibətlərin tarixə dayandığını bildirib:


“Azərbaycanla Gürcüstan arasındakı münasibətlər sadəcə qonşuluq çərçivəsində deyil, həm də ortaq maraqlar, strateji baxış və qarşılıqlı etimad üzərində qurulmuş çoxqatlı əməkdaşlıq nümunəsi kimi dəyərləndirilməlidir. Tarix boyu bu iki xalq imperiyaların təsiri altında yaşasa da, onların mədəni yaxınlığı və qarşılıqlı əlaqələri heç vaxt tam qırılmayıb. İki ölkə və xalq arasındakı münasibətlər keçmişdən indiyə qədər sürətli inkişaf yolu keçib”.

Ekspert qeyd edib ki, tərəflər arasında ciddi iqtisadi əlaqələr var:
“Qədim İpək Yolu kimi mühüm ticarət yollarının keçdiyi region Azərbaycan və Gürcüstanı təbii tərəfdaşlara çevirib. Əlbəttə ki, bu möhkəm tarixi təməlin üzərində müasir dövrdə daha sistemli və məqsədyönlü əməkdaşlıq formalaşıb. Hazırda tərəflər arasında enerji və nəqliyyat sahəsində kifayət qədər iri layihələr həyata keçirilir. 


Məsələn, Azərbaycan üçün Xəzər dənizi hövzəsindən çıxarılan enerji resurslarının dünya bazarına çatdırılmasında Gürcüstan tranzit ölkə kimi mühüm rol oynayır. Bu isə öz növbəsində ölkəmizin iqtisadiyyatına olduqca mühüm töhfə verir. Azərbaycanın indiyə qədər Gürcüstana 3,7 milyard dollar həcmində qoymasını da xüsusi vurğulamaq lazımdır. Həmçinin, Gürcüstan da Azərbaycanla əməkdaşlıqdan ciddi gəlir və fayda əldə edir. Enerji təminatı, investisiya axını və regional layihələrdə iştirak Gürcüstan iqtisadiyyatının inkişafına birbaşa təkan verir”.

Afiq Axundov vurğulayıb ki, Gürcüstanla Azərbaycan arasında çox sahədə sıx əməkdaşlıq əlaqələri mövcuddur:
“Yəni Bakı ilə Tbilisi arasında sadəcə siyasi və iqtisadi əlaqələr mövcud deyil. Onlarla yanaşı, humanitar, təhsil, mədəni, turizm kimi bir çox sahədə əlaqələr uğurla inkişaf etdirilir. Ölkələrimiz arasında mütəmadi turist səfərləri də bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Xüsusilə Orta Dəhliz kimi təşəbbüslər bu iki ölkəni Avropa ilə Asiya arasında əvəzolunmaz körpüyə çevirir. Yəni Azərbaycan və Gürcüstan münasibətləri yalnız iki dövlətin əməkdaşlığı deyil, həm də Cənubi Qafqazda sabitliyin və inkişafın açar faktorlarından biridir”. 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri də böyük əhəmiyyət kəsb edir:
“Ölkəmizin başçısının orada verdiyi mesajlar da iki ölkə arasındakı münasibətləri daha da inkişaf edəcəyini göstərir. Ümumiyyətlə, belə səfərlər yalnız diplomatik jest deyil, həm də konkret nəticələr doğuran və regionun gələcəyinə təsir edən addımlardır. Bu səfərlərin əsas əhəmiyyəti siyasi dialoqun davamlılığını təmin etməsindədir. Yüksək səviyyəli görüşlər iki ölkə arasında qarşılıqlı etimadı gücləndirir və regionda sabitliyin qorunmasına xidmət edir. Düşünürəm ki, Prezident İlham Əliyevin Gürcüstana səfərləri iki ölkə arasında əlaqələrin dərinləşməsinə, yeni iqtisadi imkanların yaranmasına və Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir”. 

Elmir Mustafa
 

0