Rusiyadan Azərbaycana AİB TƏKLİFİ

SİYASƏT
14:46 / 05.06.2026
81

“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü təşviq etməyə hazırıq”. 

Bunu Rusiyanın xarici işlər nazirinin MDB işləri üzrə müavini Mixail Qaluzin deyib. Onun sözlərinə görə, aprel ayında Zəngilanda keçirilən görüşdən sonra ticarət dövriyyəsinin artırılması və sənayedə institutsional əməkdaşlığın inkişaf etdirilməsi üçün tədbirlər siyahısı hazırlanıb. 

Maraqlıdır, Rusiya Azərbaycanın AİB-ə daxil olmasını təşviq etməyə hazır olduğunu bildirir. Bəs bu təşəbbüs ölkəmizə olaraq hansı üstünlüklər vəd edir?

Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü təşviq etməyə hazır olduğunu bəyan etməsi təsadüfi deyil: 

401194

“Bu, ilk növbədə Moskvanın post-sovet məkanında iqtisadi inteqrasiya layihələrini gücləndirmək və regional təsir imkanlarını qorumaq istəyindən irəli gəlir. Ölkəmizin iqtisadi potensialı, tranzit imkanları və regionda artan geosiyasi çəkisi nəzərə alınanda, Rusiyanın Azərbaycanı bu birlikdə görmək istəyi başadüşüləndir”.

Ekspert qeyd edib ki, nəzəri baxımdan AİB-ə üzvlük Azərbaycan üçün üzv ölkələrin bazarlarına daha rahat çıxış, gömrük prosedurlarının sadələşdirilməsi, ticarət dövriyyəsinin artması və bəzi sənaye sahələrində əməkdaşlığın genişlənməsi kimi imkanlar yarada bilər:

“Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı, logistika və sənaye kooperasiyası istiqamətində müəyyən üstünlüklərdən danışmaq mümkündür. Lakin Azərbaycanın xarici iqtisadi siyasətinin əsas xüsusiyyəti onun balanslaşdırılmış və müstəqil xarakter daşımasıdır. 

Azərbaycan indiyədək nə Avropa İttifaqına inteqrasiya kursu seçib, nə də hər hansı iqtisadi-siyasi blokun tamhüquqlu üzvünə çevrilib. Azərbaycan müxtəlif tərəfdaşlarla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə üstünlük verir və bu siyasət ölkəyə həm Şərq, həm də Qərb istiqamətində manevr imkanları qazandırıb”.

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan artıq bir çox ölkə ilə ikitərəfli əsasda kifayət qədər geniş iqtisadi əlaqələr qurub:
“Bu baxımdan AİB-ə üzvlüyün ölkəyə gətirəcəyi əlavə iqtisadi dividendlərlə mümkün məhdudiyyətlər arasında ciddi hesablamalar aparılmalıdır. Çünki hər hansı inteqrasiya qurumuna üzvlük müəyyən öhdəliklər də yaradır və bu öhdəliklərin Azərbaycanın milli iqtisadi maraqlarına nə dərəcədə uyğun gəldiyi əsas müzakirə mövzusu olacaq.

Düşünürəm ki, belə bir vaxtda Moskvanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrində iştirak imkanlarını qabartması da diqqəti çəkir. Bu, Rusiyanın Azərbaycanla iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək istəyindən xəbər verir. Lakin Azərbaycan üçün əsas prioritet hansısa inteqrasiya qurumuna qoşulmaqdan daha çox, milli maraqların qorunması, iqtisadi müstəqilliyin saxlanılması və çoxtərəfli tərəfdaşlıq siyasətinin davam etdirilməsidir”.

B. Quliyev hesab edir ki, yaxın perspektivdə Azərbaycanın AİB-ə üzvlüyündən daha çox, birliklə ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi variantı daha real görünür:

“Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq bütün təklifləri praqmatik yanaşma ilə qiymətləndirir və qərarlarını yalnız milli maraqları əsasında verir. Bu günə qədər olduğu kimi, bundan sonra da ölkənin iqtisadi və siyasi kursunu müəyyən edən əsas amil məhz milli maraqlar olacaq”.

Günel Cəlilova

0