“Azərbaycanla dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayırıq” – Pakistanın səfiri

SİYASƏT
11:36 / 14.08.2026
255

“Pakistanın 14 avqust 1947-ci il tarixli müstəqilliyi ulu babalarımızın qətiyyətli mübarizəsi və fədakarlıqları sayəsində əldə edilib.”

Hit.az xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib.

O, bu barədə Pakistanın Müstəqillik Günü ilə bağlı Bakıdakı səfirlikdə keçirilən tədbirdə danışıb:
“Hökumət iqtisadi sabitliyə nail olmuşdur və inkişaf etmiş iqtisadiyyata doğru irəliləyir. Pakistanın rəşadətli Silahlı Qüvvələri ölkəni xarici təhdidlərdən qorumaqda sarsılmaz əzmkarlıq nümayiş etdiriblər. Bu gün Pakistan beynəlxalq birlikdə sülhün qüdrətli carçısı kimi tanınır. Mürəkkəb və gərgin regional vəziyyət fonunda Pakistan məsuliyyətli dövlət və qlobal sülhün, sabitliyin və regional əməkdaşlığın təşviqində tarazlaşdırıcı qüvvə kimi konstruktiv rolunu davam etdirir”.

Diplomat Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan “Məkkə sazişi”nin əhəmiyyətindən də bəhs edib:
“Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkə Birgə Müdafiə Sazişi Pakistanın bölgədəki səmərəli rolunun və inkişaf edən strateji gücünün bariz sübutudur”.

Pakistanın səfiri Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsini arzu etdiklərini söyləyib:
“Cənubi Asiyada davamlı sülh Cəmmu və Kəşmir mübahisəsinin BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüquqa və Kəşmir xalqının arzularına uyğun olaraq diplomatik yolla tənzimlənməsindən asılıdır.

Azərbaycanın Cəmmu və Kəşmir daxil olmaqla, narahatlıq doğuran bütün məsələlərdə Pakistanla nümayiş etdirdiyi güclü həmrəyliyi yüksək qiymətləndiririk. Qardaş ölkələrimiz arasındakı dostluq əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayırıq”.

Elmir Mustafa

0