Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə daha da möhkəmlənib.
Ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə söykənən əlaqələr dövlətlərarası müttəfiqlik səviyyəsinə yüksəlib və tərəflər arasında əməkdaşlığın istiqamətləri genişlənib. Prezident İlham Əliyevin Özbəkistana sonuncu dövlət səfəri də iki ölkə arasındakı münasibətlərin gündəmdəki əhəmiyyətini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri arasında görüşlər keçirilib, bir sıra mühüm sənədlər imzalanıb və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız siyasi müstəvidə deyil, iqtisadi, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə də daha geniş əməkdaşlıq imkanlarına malik olduğunu göstərir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında deyib ki, Azərbaycan Xəzərin qərb sahilində yerləşsə də, Mərkəzi Asiya məkanı ilə sıx bağlıdır:

“Bu, ilk növbədə, tarixi bağlılıqdır. Biz bir mədəniyyətdən, bir kökdən gələn bölgələrik. Azərbaycanın Mərkəzi Asiya ilə sıx əlaqələrinin, ilk növbədə, tarixi əsasları var. Təsadüfi deyil ki, Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasına Azərbaycan bərabərhüquqlu üzv kimi qəbul olunub. Orada yerləşən beş dövlətin hər birinin Azərbaycanla əlaqələri yüksək səviyyədədir.
Onu da deyim ki, bundan əvvəl cənab Prezidentin Qırğızıstana səfəri olmuşdu. Özbəkistandan sonra ölkə başçısının digər Mərkəzi Asiya ölkələrinə səfəri də tamamilə gözləniləndir. Qazaxıstanda keçirilən prezident seçkiləri ilə bağlı Azərbaycan Prezidentinin təbriki bir daha göstərir ki, biz eyni amalla yaşayırıq. Bu amal əməkdaşlıq, qardaşlıq və bir-birimizə dəstək deməkdir”.
Millət vəkili qeyd edib ki, harada qardaşlıq münasibətləri varsa, orada inkişaf var:
“Bu inkişaf iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə özünü göstərir. Belə olan halda Türk dünyası və Mərkəzi Asiya məkanı bütün dünyaya sülhün və əmin-amanlığın necə formalaşdırılmasının nümunəsini göstərir”.
Günel Cəlilova


