ŞƏT – Azərbaycan əməkdaşlığı: “Böyük əhəmiyyət daşıyır”

SİYASƏT
11:22 / 01.09.2026
167

Azərbaycanın Bişkek Sammitində iştirakı regionlararası əməkdaşlığın genişləndirilməsi və ölkənin beynəlxalq platformalarda mövqeyinin daha da möhkəmləndirilməsi baxımından diqqət çəkir. 

Sammit çərçivəsində aparılan müzakirələr Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm imkanlar yaradır.

Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında bildirib ki, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Azərbaycanın iştirak etməsi, eləcə də ölkəmizin bu böyük və qlobal qurumla əməkdaşlığı mühüm əhəmiyyət daşıyır: 

408576

“Azərbaycanın təşkilatın tərəfdaşlarından biri kimi çıxış etməsi ölkənin beynəlxalq müstəvidə artan rolunu və çəkisini bir daha göstərən amillərdəndir. Azərbaycan artıq qlobal proseslərdə söz sahibi olan ölkələrdən birinə çevrilib. Dünyanın aparıcı beynəlxalq qurumları və ayrı-ayrı böyük dövlətləri – ABŞ, Çin kimi ölkələr Azərbaycanı və onun rəhbərini öz tərəflərində görmək istəyirlər.

Müqayisə üçün qeyd edim ki, Azərbaycanın iqtisadi imkanlar, resurslar, insan kapitalı, texnologiya və digər göstəricilər baxımından ABŞ və Çin kimi nəhəng dövlətlərlə müqayisə olunması mümkün deyil. Lakin biz görürük ki, həm ABŞ, həm də Çin Azərbaycanı öz tərəfdaşları sırasında görməkdə maraqlıdır”.

Ekspert qeyd edib ki, Avropa İttifaqı, müəyyən problemlər yaşadığımız Rusiya və İran da Azərbaycanla münasibətlərə xüsusi önəm verirlər:

“Dünyada böyük siyasi və iqtisadi çəkisi olan dövlətlər və beynəlxalq qurumların Azərbaycanla əməkdaşlıqda maraqlı olması ölkəmizin geosiyasi əhəmiyyətini göstərir. Şanxay Əməkdaşlıq Təşkilatının da Azərbaycanı öz tərəfdaşları sırasında görmək istəməsi ölkəmizin beynəlxalq mövqeyinin göstəricisidir.

Prezident İlham Əliyevin birinci xanımla birlikdə bu zirvə görüşündə iştirakı ona görə əhəmiyyətlidir ki, böyük güclər Azərbaycanla əməkdaşlıqda maraqlıdır və ölkəmizi öz tərəflərində görmək istəyirlər. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətini göstərir”.

Sevinc

0