Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nədir?

SİYASƏT
13:29 / 01.09.2026
205

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Çinin Şanxay şəhərində təsis edilmiş hökumətlərarası beynəlxalq təşkilatdır. 

Hit.az bildirir ki, təşkilatın əsası Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçılarının birgə bəyanatı ilə qoyulub. ŞƏT-in yaradılmasında əsas məqsəd Avrasiya regionunda təhlükəsizliyi, sabitliyi təmin etmək və üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrini inkişaf etdirməkdir. Qurum terrorizm, separatizm və ekstremizmlə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti hesab edir. 

Bu gün ŞƏT dünya əhalisinin təxminən yarısını və Avrasiya qitəsinin geniş ərazisini əhatə edən ən böyük regional strukturlardan birinə çevrilib. Təşkilatın mənzil-qərargahı Pekində, Regional Anti-Terror Strukturu (RATS) isə Daşkənddə yerləşir.

Üzv və müşahidəçi ölkələr
Şanxay Əməkdaşlıq Təşkilatının tərkibi illər ərzində tədricən genişlənərək daha böyük geopolitik çəki qazanıb. Təşkilatın qurucu üzvləri sırasına Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. 2017-ci ildə Hindistan və Pakistan quruma tamhüquqlu üzv kimi qəbul edilib. 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus ŞƏT-in tamhüquqlu üzvləri sırasına qoşulub. Hazırda təşkilatın tamhüquqlu üzvlərinin sayı 10-a çatıb.

Müşahidəçi üzv statusuna malik dövlətlər sırasına isə Monqolustan və Əfqanıstan daxildir. Müşahidəçi dövlətlər təşkilatın sammit və iclaslarında iştirak etmək imkanına malikdirlər. Lakin bu ölkələr yekun sənədlərin və qərarların qəbul edilməsində səs hüququna malik deyillər. Təşkilatın strukturunda müşahidəçilərdən əlavə, Azərbaycan da daxil olmaqla bir sıra dialoq tərəfdaşları da fəaliyyət göstərir.

Azərbaycanın rolu və əhəmiyyəti
Azərbaycan 2015-ci ildən etibarən Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna malikdir. Rəsmi Bakı təşkilatla münasibətləri mərhələli şəkildə inkişaf etdirərək statusunu müşahidəçi və ya tamhüquqlu üzvlük səviyyəsinə qaldırmaqda maraqlıdır. Azərbaycanın ŞƏT üçün əsas əhəmiyyəti onun strateji coğrafi mövqeyi və inkişaf etmiş logistika infrastrukturudur. Ölkəmiz Çindən Avropaya uzanan Orta Dəhliz nəqliyyat marşrutunun mərkəzində yerləşir. Eyni zamanda Azərbaycan Rusiya, İran və Hindistanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin ən vacib halqasıdır.

Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ŞƏT üzvlərinin yükdaşımaları üçün ən əlverişli tranzit şəraitini yaradır. Təşkilatın üzvü olan ölkələr Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki roluna və yaşıl enerji potensialına böyük diqqət yetirirlər. Bakı regional təhlükəsizlik, kibertəhlükəsizlik və narkotik vasitələrin qanunsuz dövriyyəsinə karşı mübarizədə ŞƏT strukturları ilə sıx təmasdadır. 

2024-cü ildə Astanada keçirilən ŞƏT sammitində Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Bu mühüm addım Bakının ŞƏT coğrafiyasındakı aparıcı dövlətlərlə diplomatik və iqtisadi bağlarını daha da gücləndirib. Nəticə etibarilə, Azərbaycanın ŞƏT ilə tərəfdaşlığı ölkəmizin geoiqtisadi nüfuzunu artırır və Avrasiya məkanında çoxtərəfli diplomatiyasını möhkəmləndirir.

Pərviz

0