Polkovnik ermənilərin Şuşa təxribatının məqsədini açıqladı

SİYASƏT
18:11 / 03.06.2020
1886

“Erməni separatçılarının Şuşada “and içmə” mərasimi təşkil etməsi bizim cəmiyyəti qıcıqlandırmağa hesablanmışdı”. 

Bunu Hit.Az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”na indiyə kimi bir neçə dəfə “prezident” seçilib, bununla bağlı bütün tədbirlər Azərbaycan şəhəri olan Xankəndində keçirilib: “Separatçılar və onların havadarları bu dəfə məhz Şuşanı seçdilər. Bütün bunlar məqsədli şəkildə həyata keçirilən proseslərdir. Düzdür, Azərbaycan cəmiyyətinin belə həssas məsələyə sərt reaksiya verməsini müsbət qiymətləndirirəm. Ermənilərin bu həyasızlığına son qoymaq lazımdır, ancaq onu da unutmaq olmaz ki, ermənilərin də bu proseslərin fonunda əldə etmək istədiyi məhz cəmiyyətin qıcıqlanması idi. Bütün bunlar Ermənistanın düşünülmüş şəkildə etdiyi təxribatı idi”.

Ehtiyatda olan polkovnikin fikrincə, Ermənistan rəhbərliyi Şuşa təxribatı ilə siyasi xal qazanmaq istəyirdi: “Azərbaycanın Aprel döyüşləri, yaxud başqa formada güc tətbiq etməsinə çalışırdılar. Sonra da Ermənistan tərəfi bunu əlində bayraq edəcəkdi ki, Azərbaycanla danışığa getmək, müzakirələrlə sülhə nail olmaq mümkün deyil. Yəni əslində ermənilərin Şuşa ilə bağlı təxribatının altında siyasi məqsəd vardı. 

Bu da səbəbsiz deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl  Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli ilə bağlı konkret bəyanat verdi. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi belə bir mövqe tutubsa, deməli burada ciddiyyət var. Sergey Lavrov ilk növbədə Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonun qaytarılması ilə bağlı bəyanat verdi. Ancaq belə mümkün siyasi prosesin getdiyi vaxtda erməni tərəfi özünü elə həyasızcasına apardı ki, proses müəyyən bir şəkildə dayandırılsın. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi kimi, artıq hər hansı təxribat olarsa Azərbaycan tərəfi malik olduğu ən müasir silahların tətbiqi ilə işğal olunmuş torpaqlarını azad edəcək”. 

Ş.Ramaldanov deyib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Rusiyanın Azərbaycana olan münasibəti yaxşıya doğru dəyişib: “Rusiya Ermənistanla bir çox məsələrdə razılaşmır. Artıq Yerevanla Moskva arasında soyuq münasibətlər mövcuddur və bu, özünü Sergey Lavrovun atdığı addımda da göstərdi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu gün həm Dağlıq Qarabağ münaqişəsinin həllində "açar" rolunu oynayan, həm də Minsk qrupunun həmsədri olan Rusiya artıq 7 rayonun qaytarılması ilə bağlı xarici işlər naziri səviyyəsində bəyanat verir. Bunu eşidən ermənilər Şuşada təxribat törətdilər. Onlar Azərbaycan cəmiyyətini qıcıqlandırmaq, dövləti güc tətbiqinə məcbur etmək üçün bu addımı atdılar. Əgər Azərbaycan Şuşadakı tədbirin qarşısını almaq üçün hər hansı addım atsaydı, Sergey Lavrovun qaldırdığı məsələ sıfıra enə bilərdi. Ancaq cəmiyyətin və dövlətin soyuqqanlılığı bu məsələnin nəzarətdən çıxmasına imkan vermədi”.

1