Ukraynanın keçmiş hökumətinin atmadığı addımların cəzasını hazırkı hökumət çəkir. Vaxtilə Ukrayna Ali Radası Krım Tatar Məclisini tanısaydı, tatarlara Krımın yerli xalqı statusu verilsəydi, bu gün vəziyyət tam fərqli olardı.
Bu sözləri Axar.az-a açıqlamasında Krım tatarlarının Azərbaycandakı diaspor rəhbəri Elvina Murzayeva Ukrayna Ali Radasının Birləşmiş Millətlər Təşkilatına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, QDİƏT Parlament Assambleyasına, dünya ölkələrinin hökumət və parlamentlərinə Krım tatar xalqının soyqırımı qurbanlarının xatirəsini ehtiramla qarşılamaq və Rusiya Federasiyasını Krım tatar xalqının hüquq və azadlıqlarını pozan təcavüzkar dövlət olaraq pisləmək üçün müraciət etməsini şərh edərkən deyib. O bildirib ki, Krım tatarları hər zaman istənilən problemin hüquqi normalar çərçivəsində həll edilməsinin tərəfdarı olub:
“Ukrayna Ali Radasının Birləşmiş Millətlər Təşkilatına və digər mötəbər qurumlara Krım tatarları ilə əlaqədar müraciət etməsi bizim üçün müsbət bir addımdır. Çünki Krım tatar xalqı çox böyük əzablara, haqsızlıqlara məruz qalıb. Xüsusilə SSRİ Krım tatarlarını köçürmə siyasəti və ardınca faşist Almaniyasının Krımı işğal edib, yerli xalqı kütləvi şəkildə öldürməsi Krım xalqının yaddaşında silinməz yaralar açıb. Çox təəssüf ki, bu gün dünya ölkələri, mötəbər qurumlar Krım tatarlarının başına gətirilən oyunlara lazımi hüquqi qiyməti vermir. Bu mənada Ukrayna Ali Radasının bu təşəbbüsünü müsbət qiymətləndirirəm”.
Elvina Murzayeva bildirib ki, hazırkı Ukrayna hakimiyyətinin Krım tatarlarına yönəlik atdığı addımlar zamanında atılsaydı, bu gün vəziyyət tamamilə fərqli olardı:
“Bu addım daha erkən atılmalı idi. Hansı ki, o zaman Krım Ukraynanın tabeliyində idi. Düzdür, o zamanlar vəziyyət tamam fərqli idi. Yəni hazırkı Ukrayna iqtidarı o zaman hakimiyyətdə deyildi. Ukraynada əvvəlki hakim qüvvələrin bu gün edilənləri etməməsi, Krım tatarlarına lazımi diqqət ayırmaması, problemlərinə qulaq asmaması sonda Krımın əldən getməsinə gətirib çıxardı. Əgər Ukrayna daha əvvəl Krım tatarlarına yetərincə qiymət versə, onların dərdlərini dinləsə, laqeyd qalmasaydı, indi bu gün nə Krım münaqişəsi olardı, nə də Krımdakı tatarlar hazırki problemlərlə ilə üzləşərdi”.
Elvina Murzayeva bildirib ki, bu gün Krımda ekoloji vəziyyət günü-gündən pisləşir:
“Krımın Rusiya tərəfindən ilhaqının ardından Ukrayna rəhbərliyi Dnepr çayından Krıma gələn bağlantını kəsdi. Yarımadanın əsas və başlıca su hövzəsi məhz Dnepr çayı idi. Bu mənada Ukrayna rəhbərliyinin nümayəndələri məsələ ilə bağlı Rusiyaya kömək etmək niyyətində olmadıqlarını bildirərək, yenidən Krıma su təchizatı problemini müzakirə etməkdən imtina ediblər. Bu isə öz növbəsində Krımda ekoloji vəziyyətə ciddi təsir edir. Hazırda Krımdakı su anbarları boşalıb”.