Məmurların oğurlamaması üçün nə etməliyik? – 3 təklif

SİYASƏT
15:09 / 05.06.2020
3279

Cinayətkarlığa qarşı mübarizəni sərtləşdirməklə və cəza tədbirlərini ağırlaşdırmaqla rüşvətxorluğu, korrupsiyanı səngitmək olar. Amma bunun kökünü qazıyıb çıxarmaq üçün həmin cinayəti doğuran səbəb və şərait aradan qaldırılmalıdır.

Hit.Az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a geniş müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, ilk növbədə dövlət məmurlarının sayı azaldılmalıdır:

“Bizdə dövlət aparatı həddindən artıq şişib. Biz məmurlara yüksək maaş verə bilmirik. Ona görə də onlar hamısı çalışır ki, hansısa formada, bəzi hallarda hətta qanunsuz yollarla əlavə qazanc əldə etsinlər. Bu da sözsüz ki, sadə insanların hesabına baş verir və ona görə də narazılığı artırır”.

Millət vəkili ilkin mərhələdə məmur sayının ən azı 30 faiz ixtisar edilməli olduğunu bildirib:

“İxtisara salınan məmurların pulları digər məmurların əmək haqqının artırılmasına yönəldilməlidir, hələ üstünə də əlavələr edilməlidir. Yəni məmur aldığı maaşla özünün ləyaqətli həyatını təmin edə bilmirsə, oğurlayacaq. Az bir insan olar ki, oğurlamasın. Oğurladığının bir hissəsini də nəzarətedici funksiyaları yerinə yetirən vəzifəli şəxslərə verəcək. Ona görə ki, onların da maaşı azdır, onların da pula ehtiyacı var. Beləliklə də bu zəncirvari reaksiya davam edəcək. Deməli, həm məmurların sayı azaldılmalı, həm də onların maaşı artırılmalıdır. Üçüncüsü, yerlərdə sakinlər yerli dövlət, hakimiyyət orqanlarının formalaşdırılması prosesində iştirak etməlidirlər. Ona görə də mən deyirdim ki, bələdiyyələrə yerli dövlət, hakimiyyət orqanları statusu verilməlidir”.

2