Aqil Abbasın Şuşa təklifinə İH-dən reaksiya

SİYASƏT
10:53 / 06.06.2020
1483

Şuşanın yarandığı günlə bağlı tədbirlər adətən sentyabrın sonu, oktyabr ayında keçirilib. Mən şuşalıyam və həmişə bu tarixlərdə Şuşanın yarandığı tarixi qeyd etmişik. Bu il də şübhəsiz ki, bu yubileyə nə biz, nə ölkə, nə şuşalılar, nə də icra hakimiyyəti etinasız qalacaq.

Bu sözləri Axar.az-a Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Şuşanın 270 illik yubileyinin keçirilməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, Şuşanın yarandığı tarix hər il qeyd edilir:

“Millət vəkili Aqil Abbasın elə təkliflə çıxış etməsi bir şuşalı kimi məni çox sevindirdi. Şuşanın 270 illiyini bütün Azərbaycan bilməli və qeyd etməlidir. Hər bir azərbaycanlı bilir ki, 1750-ci ildə bünövrəsi qoyulan Şuşanın 2020-ci ildə 270 yaşı olacaq. Bir şuşalı olaraq çox təəssüf edirəm ki, mədəniyyət mərkəzi olan Şuşa işğal altındadır. Bunun acısı, ağrısı bizim qəlbimizdədir. Ona görə də Şuşanın hər günü, hər tarixi bir bayram olmalıdır”.

O qeyd edib ki, Şuşa ilə bağlı böyük tədbirləri Muğam Mərkəzində təşkil edirlər:

“Biz 28 ildir Şuşanın yarandığı günü Şuşasız qeyd edirik. Ümid və arzu edirik ki, bizə bu günü Şuşada qeyd etmək nəsib olacaq”.

Xatırladaq ki, Milli Məclisin iclasında deputat Aqil Abbas Şuşa şəhərinin 270 illiyinin keçirilməməsi ilə bağlı iradlarını səsləndirib:

“Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın yubileyini qeyd edək”.

0