“Biz korrupsiyadan prezidentə sadiq kadrlarla xilas ola bilərik” - parlamentin komitə sədri

SİYASƏT
21:15 / 06.06.2020
1204

Ağcabədidə "ASAN Həyat" kompleksi açılışında prezident İlham Əliyev mühüm məsələlərə toxundu. Dövlət başçısının çıxışında əsas motivlər korrupsiya və rüşvətxorluqla aparılan mübarizə, bürokratiyanın aradan qaldırılması istiqamətində həyata keçirilən islahatlar idi.

Müşahidəçilərin fikrincə, İlham Əliyevin bu sahədə reallaşdırdığı işlər son illərdə müsbət tendensiyalar yaratmaqdadır. Vətəndaşların tez-tez narazılıq etdiyi problemlər, bürokratik əngəllər, qeyri-rəsmi tələblərin irəli sürülməsi halları azalmaqdadır. Məhz prezidentin inqilabi layihəsi olan "ASAN Xidmət" modelinin gerçəkləşməsi müxtəlif sektorlarda rüşvətxorluğun köklü azalmasına səbəb olub.

Çıxışında dövlət başçısı bəyan etdi ki, növbəti 2-3 il ərzində "ASAN Xidmət ölkəmizin bütün bölgələrini əhatə edəcək. Prezidentin bu siyasətinin əsas xüsusiyyətlərindən biri odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi.

Azərbaycanda ictimai münasibətlərin tamamilə yeni forması tətbiq olunur. Əvvəlki dövrdə ictimai xidmətlər sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa, deyə bilərik ki, kobudluq, laqeydlik də adi bir hala çevrilmişdi. İndi "ASAN xidmət" mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət göstərilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur.

Sübut olundu ki, korrupsiya, rüşvətxorluqla nəinki mübarizə aparmaq, hətta ciddi uğur qazanmaq mümkündür. Bu cür sistem xarakterli institusional tədbirlərlə korrupsiyanın, kölgə iqtisadiyyatının meydanı daraldılır. Artıq elə idarəçilik modeli gəlməkdədir ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Prezident açıq şəkildə bu anonsları və bəyanatları verdi.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirdi ki, korrupsiya və rüşvətxorluqla mübarizə çərçivəsində həyata keçirilən işlərin effektivliyi göz qabağındadır. Qənizadə hesab edir ki, ictimai nəzarətin gücləndirilməsi və korrupsiyaya, bürokratiyaya qarşı mübarizənin vacibliyi haqda prezident hələ 2011-ci ildə açıq şəkildə bəyanatlar verib. "Sadəcə, həmin dövrdə müəyyən vəzifə tutan şəxslər məlumatları olduğu kimi dövlət başçısına çatdırmırdılar, məmur özbaşınalıqları ört-basdır edilirdi. Son kadr islahatları, xüsusən hüquq-mühafizə orqanlarında təyinatlardan sonra korrupsiyaya qarşı mübarizədə yüksək canlanmanı hiss edirik.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun son əməliyyatları göstərdi ki, biz yeni bir eraya daxil olmuşuq. Ümid edirəm ki, bu müsbət tendensiya davam edəcək", - deyə komitə sədri vurğuladı.

Ç.Qənizadənin sözlərinə görə, söhbət heç də korrupsiyaya bulaşan məmurların ucdantutma həbs olunmasından getmir: "Bu istiqamətdə işini bacarmayan kadrların vəzifələrdən kənarlaşdırılması, onların yerinə səriştəli, reputasiyası təmiz, rüşvət və korrupsiyaya bulaşmayan şəxslərin gətirilməsi həyata keçirilməlidir. Biz bacarıqlı, prezidentə sadiq kadrların vəzifələrə təyin olunması ilə mütərəqqi nəticələr əldə edə, korrupsiya bəlasından xilas ola bilərik. Lakin bu, uzun çəkən bir prosesdir və vəzifələrdə kök salmış, korrupsiya iştirakçısı olan məmurların işdən kənarlaşdırılması bir günün işi deyil".

Ç.Qənizadə qeyd etdi ki, prezidentin "ASAN Xidmət" modelinin genişlənməsi, regionlarda mərkəzlərinin açılması və səlahiyyətlərinin getdikcə çoxalması da rüşvət, korrupsiya ilə mübarizədə effektiv nəticələr verməkdədir: "ASAN Xidmət Azərbaycan modelidir, milli brenddir. Dünyanın bir sıra ölkələri bizim bu praktikamızdan yararlanırlar, öyrənirlər. Bu, prezidentin ideyasının bəhrəsidir. Məqsəd vətəndaşların dövlət qurumlarına müraciət edərkən əlçatanlığın təmin olunması, insanların süründürülməməsi, qapılarda qalmaması, şəffaflığın yaradılmasıdır. Hesab edirəm ki, "ASAN Xidmət" model ilə buna nail olmuşuq və səlahiyyətləri artmaqdadır. Artıq yeni-yeni xidmət sahələri "ASAN Xidmət"ə verilir. Ümumiyyətlə, hansı sahədə problemlər varsa, ASAN Xidmətə verilərək onun vasitəsi ilə öz həllini tapmalıdır".

1