“Akif Çovdarov hazırda ev şəritində müalicə alır”.
Hit.Az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyib.
Kamandar Nəsibov söyləyib ki, Akif Çovdarovun səhhətində problemin yaranması, xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar doğru deyil.
Vəkil bildirib ki, A.Çovdarov hazırda Badamdardakı evindədir: “Ev şəraitində müalicə alır. Ehtiyac olduqda həkim evə gəlir”.
Akif Çovdarovun ürəyində ciddi problemin olduğunu deyən K.Nəsibov xaricdə müalicənin vacib olduğunu söyləyib: “Sərhədlərin açılmasını gözləyirik. Akif Çovdarovun xaricdə müalicə alması vacibdir”.
Xatırladaq ki, 2015-ci ildə həbs edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov bu il Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı sərəncamla əfv edilib.
A.Çovdarov və daha 175 nəfər koronavirus pandemiyası dövründə risk qrupuna düşdükləri üçün əfv ediliblər.
Qeyd edək ki, A.Çovdarov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum olunmuşdu.