Darıxma, düzələcək...

SİYASƏT
20:09 / 08.06.2020
2327

Anar ƏSƏDLİ

Bu gün Facebook-da dünən yaşananlarla bağlı fikir tartışmaları gedir, hamı "əşi biz düzələn deyilik", - deyir. Bu ifadəni insanlarımızın bir qismi vətəndaşlara şamil edir, bir qismi isə polisin qəddar davranışına.

Bütün hallarda yanlış düşüncədir.

Baxın, gözəl insanlar İngiltərə 1640-cı ildə burjua inqilabından 1688-ci ildəki "Şanlı İnqilab"-a qədər konstitusiyalı bir monarxiya qurdu. Bu proses onilliklər çəkdi və sistemin formalaşması üçün uzun zaman aldı.

Amerika yeni sistemini 1775-ci ildə Müstəqillik Müharibəsindən 1865-ci il vətəndaş müharibəsinin sonuna yaxın qura bildi. Bütün bunlar 90 ildən çox çəkdi.

Fransa isə 1789-cu ildəki böyük Fransa İnqilabında azadlıq, bərabərlik, qardaşlıq şüarları ilə yola çıxdı, inqilab qələbə ilə başa çatsa da, hədəfinə yetişməsi uzun zaman aldı. İnqilabdan sonra nə az, nə çox 150 il fransızlar inqilab, cümhuriyyət, monarxiya, demokratiya və diktatura arasında gedib-gələrək uzun bir dönəm keçdilər. 1800-1949-cu illərdə Fransada 8 inqilab baş verdi. Yalnız İkinci Dünya Savaşından sonra bir istiqrar yarandı.

Amerikadan başqa bir misal: Amerika İstiqlal Müharibəsini qazandıqdan sonra bir federasiyadan daha çox əyalətlərin boş konfederasiyasına bənzəyirdi. Linkoln administrasiyası Vətəndaş Müharibəsini qazanana qədər ABŞ bütövlüyünü silah gücü ilə qorudu və bir siyasi quruluş olaraq, formalaşmaları 90 il çəkdi.

Yaponiya 1868-ci ildə islahatlara başladı və bu islahatlar İkinci Dünya Müharibəsinin sonuna qədər davam etdi, mövcud sistemi yalnız İkinci Dünya Müharibəsindən sonra qura bildilər.

Yəni qısacası, Amerika, Yaponiya, Fransa, İngiltərə və s. inkişaf etmiş ölkələrin sistemlərinin inkişaf tarixinə nəzər saldıqda gəlinən nəticə budur ki, hər hansı bir sistemin formalaşması bir gündə olacaq iş deyil.

Tarixi dövrlər arasında müqayisələr aparsaq, ən yaxşı halda bizə hələ bir 20 il var.

Yəni çox məyus olmayın, bir az daha çox yaşamağa və öyrənməyə çalışın, düzələcək hər şey.

Hələ 30 yaşımız var.

İstənilən bir sistemin oturuşması birdən-birə olmur. Addım-addım gedir proses. Amma təbii ki, ilk öncə təfəkkür yenilənməsinə ehtiyac var.

Yaşanan hər hansı yanlış, hətta qəzəb doğuracaq hadisə belə gələcəyimizlə bağlı "bizdən bir şey olmaz" düşüncəsinə yer verməməlidir.

0