İsa Qəmbər istefasının əsl səbəbini açıqladı

SİYASƏT
18:35 / 11.06.2020
1796

Milli Məclisin sabiq sədri iyunun 12-dək olan dirənişi nədən davam etdirməyib?

1993-cü ilin 4 iyun qiyamı başlayandan sonra Əbülfəz Elçibəy hakimiyyətinin yüksək vəzifəli şəxslərin ard-arda vəzifələrindən istefası prosesi start götürmüşdü. Vəzifə iyerarxiyasına görə ölkənin üçüncü şəxsi olan baş nazir Pənah Hüseyn iyunun 7-də vəzifəsindən getdiyini rəsmən bəyan etmişdi. Lakin qiyamçılar və hakimiyyətə qarşı müxalifətdə olan qüvvələr bununla kifayətlənməyib parlamentdə Milli Məclisin sədri İsa Qəmbərin istefasını tələb edirdilər.

O dövrkü konstitusiyaya görə ölkənin ikinci şəxsi sayılan Milli Məclis sədrinin istefasının isə hakimiyyətin saxlanmasını mümkünsüz hala gətirəcəyi bəlli idi. Bunu qiyamçılar və siyasi müxalifət də bildiyindən hücumlar da məhz İsa Qəmbərə yönəldilmişdi. İsa Qəmbər Gəncədəki hərbi qiyamın ilk günlərində-bir həftədən artıq müddətdə ciddi dirəniş göstərərək parlamentdəki qiyamı demək olar ki, məğlub etmişdi. Onun həmin günlərdəki performansı Elçibəy iqtidarına ciddi üstünlük qazandırmışdı və ümid yaratmışdı. Lakin dirəniş iyunun 13-dək davam etdi və iyunun 13-də İsa Qəmbər də istefa verdi. O zamandan indiyə qədər “İsa Qəmbər nədən sona qədər duruş gətirmədi” sualı dəfələrlə səslənib. Bu sualın ən düzgün cavabını isə yəqin ki, İsa Qəmbərdən dəqiq bilən yoxdur.

İsa Qəmbər bir neçə gün öncə mediaya verdiyi müsahibəsində məhz bu suala “Bəs İsa Qəmbər niyə istefa verdi?” sualına cavab verib.

İsa Qəmbər deyib: “Həmin dövrdə bizim hakimiyyət komandasında vəziyyət müzakirə edilərkən iki əsas fikir, əsas yanaşma olub. Biri qiyamı yatırmaq, qiyamçılar dövlətin, legitim hakimiyyətin üzərinə silahlı qüvvə ilə gəlirlərsə, silahlı qüvvə ilə də onları məğlub etmək idi. İkinci mövqe isə ondan ibarət idi ki, siyasi müxalifəti hərbi müxalifətdən ayırmaq, hərbi müxalifətlə birləşməsinə imkan verməmək üçün siyasi müxalifəti də hakimiyyətə cəlb etmək xətti seçilsin. Və həmin ikinci xətt seçildi. Seçiləndən sonra da parlament sədri vəzifəsini biz öz nəzarətimizdə saxlamaq iddiasında olsaydıq həmin xətt inandırıcı görünməzdi. Ona görə mənim vəzifədən imtina etməyim, vəzifədən getməyim labüd hala gəldi. Mən də 12 iyuna qədər bu prosesləri izlədim. 12 iyunda qiyamçılar Yevlax şəhərini nəzarətə götürdülər. Halbuki biz dövlət qüvvələrini Yevlax şəhərində yerləşdirmişdik ki, qiyamı Yevlağa qədərki ərazidə lokallaşdıraq, qiyamçıların Yevlaxdan bu tərəfə keçməsinə imkan verməyək. Amma iyun ayının 12-də Azərbaycanın silahlı qüvvələri heç bir müqavimət göstərmədən Yevlağı qiyamçılara təslim etdikdən sonra mənim artıq parlament sədri vəzifəsində qalmağım hakimiyyətimizin qəbul etdiyi yanaşmaya zidd bir yanaşma olardı. Elə çıxardı ki, hakimiyyət bu böhranı dinc yolla, qansız həll etmək istəyir, İsa Qəmbər isə öz vəzifəsindən imtina etmək istəmədiyi üçün bu sülh yolu alınmır. Bu halda mənim istefa verməyim məcburi addım idi”.

İsa Qəmbər bildirib ki, o zaman da mən bu fikirdə olub, indi də bu fikirdədir ki, qiyamın qarşısını almaq olardı: “Həm qiyamdan əvvəl qarşısını almaq olardı, elə addımlar atmaq olardı ki, heç qiyam situasiyası yaranması, həm də Surət Hüseynov və tərəfdarları qiyamı başladıqdan sonra onun qarşısını almaq mümkün idi. Sərt qərarlarla, addımlarla bunu etmək mümkün idi. Amma bir sıra obyektiv, subyektiv səbəblərdən bu mümkün olmadı. 4 iyun hadisələrinin gerçək hədəfi milli demokratik hakimiyyəti devirmək idi. Və bu xüsusilə Rusiya xüsusi xidmət orqanlarının müəyyənləşdirdiyi hədəf idi. Bunun üçün ölkədə xaos yaratmaq da əsas məqsədlərdən biri idi və Rusiyanın Azərbaycandakı şəbəkəsi, əlaltıları və hakimiyyət hərisi olan müxtəlif qüvvələr də bu fəaliyyətdə bilavasitə iştirak edirdilər. Xaos, vətəndaş müharibəsi görüntüsü yaratmaq üçün müxtəlif addımlar atılırdı. Moskvanın təxribatı və bəzi yerli qüvvələrin xəyanəti nəticəsində Lənkəranda guya muxtar bir dövlət qurmaq cəhdi və başqa bu tipli addımlar da var idi. Təbii ki, həmin qüvvələr tərəfindən gərginlik artırılırdı və hansısa mərhələdə də qarşıdurma yaradıldı. Lakin bu, Azərbaycandakı təbii hadisələr nəticəsində yaranan vəziyyət deyildi. Bu, Rusiyanın və əlaltılarının yaratdığı vəziyyət idi. Artıq qiyam baş verdikdən və genişləndikdən sonra Azərbaycandakı müxtəlif siyasi qüvvələr də milli demokratik hakimiyyəti, legitim hakimiyyəti müdafiə etmək əvəzinə, Azərbaycanın müstəqilliyini müdafiə etmək əvəzinə qiyamçılara dəstək verməyə başlayanda vətəndaş qarşıdurması ehtimalı kifayət qədər ciddiləşmişdi. Yenə deyirəm bu, Azərbaycandakı təbii proseslərin nəticəsi deyildi, kənardan yaradılmış situasiya idi”.

0
Musavat.com