İcra başçısı karantin qaydalarını pozdu - FOTO

SİYASƏT
17:35 / 12.06.2020
1904

Prezident İlham Əliyev bir neçə gün əvvəl modul tipli xəstəxanaların açılışında koronavirus pandemiyası dövründə tibbi maskadan istifadənin zərurətindən danışaraq qapalı məkanlarda bu qaydaya riayət edilməsinin mütləq olduğunu bildirdi. Eyni zamanda tibbi maskadan istifadə etməklə bu məsələdə istisna olmadığını nümayiş etdirdi. Bundan sonra vətəndaşlar arasında tibbi maskadan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artdı. Hər kəs başa düşdü ki, qayda yalnız onlar üçün deyil. Lakin buna baxmayaraq, bəzi məmurlar bu qaydaya riayət etmir.

Bu sırada Neftçala rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov və "Azərsu” ASC-nin sədr müavini Seymur Seyidovu göstərmək olar.

Sfera.az Neftçala Rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, iyunun 11-də rayonunun su təchizatının yaxşılaşdırılması ilə bağlı hazırlanan yeni layihənin təqdimatı keçirilib. Mərasim icra hakimiyyətinin binasında baş tutub. Tədbirdən yayılan fotolardan görünür ki, Seymur Seyidov və Mirhəsən Seyidov qapalı məkanda olsalar da, digər iştirakçılardan fərqli olaraq tibbi maskadan istifadə etməyiblər.

İddia olunar ki, onlar söhbət etdikləri üçün tibbi maska taxmayıblar. Amma hər halda Seymur Seyidovla Mirhəsən Seyidov eyni vaxtda danışmayıblar. Biri danışanda digəri dinləyib. Bundan başqa, masanın üstündə tibbi maskanın olmadığı diqqət çəkir. Yəni, əgər adıçəkilən şəxslər söhbət zamanı tibbi maskanı çıxarıblarsa, yəqin ki, onun masanın üzərinə qoyardılar.

Başqa bir məqam isə tədbirdə iştirak edənlərin sayı ilə bağlıdır. Koronavirus pandemiyası dövründə bu tip tədbirlərdə 10 nəfərdən artıq insan iştirak etməməlidir. Amma bu tədbirə 14 nəfər qatılıb.

1
Sfera.az